14-18 mart tarixlərində Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək.
“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, bu tədbir qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və ekoloji vəziyyətin, iqlim dəyişiklikləri və quraqlıq kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan hökumətinin dəstəyi və Dünya Su Şurasının yaxından iştirakı ilə keçiriləcək Su Həftəsinə dünyanın 40-dan çox ölkəsindən, beynəlxalq və regional təşkilatlardan, nüfuzlu elm mərkəzlərindən alim və mütəxəssislər qatılacaq. Həftə çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci sessiyası və smart toplantı keçiriləcək. BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” hədəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Su Həftəsi peşəkar diskussiyaların, işgüzar görüşlərin təşkili baxımından da əlverişli məkan olacaq.
Qeyd edək ki, bu il “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 ili tamam olur. Bakı şəhərinin inkişafına müstəsna töhfələr verən bu layihə Azərbaycanın su təsərrüfatı tarixində mühüm hadisə, böyük nailiyyət sayılır. Su həftəsi çərçivəsində “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC tərəfindən bir sıra tədbirlərin təşkili nəzərdə tutulub.
Martın 16-da “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Konfransda “Şollar su kəməri – dayanıqlı və etibarlı su təchizatı sistemi”, “Qədim, tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında sessiyalar təşkil ediləcək.
Yubiley tədbirləri çərçivəsində “Şollar 100” mövzusunda rəsm və foto sərgilər keçiriləcək, tədbir iştirakçılarının Şollar su mənbəyinə və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərləri təşkil olunacaq.
1news.az