Ekoloji maarifləndirmə və təbliğat işlərində auditoriyanın genişləndirilməsi, keçirilən tədbirlərin daha sistemli, effektiv və davamlı təşkili zərurəti nəzərə alınaraq, SOCAR-ın Ekologiya İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında ekoloji maarifləndirmə sahəsində əməkdaşlıq sazişi imzalanıb.
1news.az SOCAR-a istinadən xəbər verir ki, sazişə əsasən “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində müxtəlif layihələrin SOCAR-ın Ekologiya İdarəsi ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulur. Ekologiya İdarəsinin əməkdaşları həmçinin məktəbyanı sahələrin yaşıllaşdırılmasında, şagirdlərə seleksiya və calaqetmə vərdişlərinin aşılanmasında, canlı guşələrin və məktəb oranjeriyalarının yaradılmasında məktəblərə köməklik göstərəcəklər.
Qeyd edək ki, SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə dair 2016-2017-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq Ekologiya İdarəsi gənclərin ekoloji təhsili və hazırlığının artırılması üçün müxtəlif olimpiadalar, intellektual müsabiqə və yarışmalar, ekskursiyalar, ekoloji maarifləndirməyə xidmət edən digər çoxsaylı tədbirlər keçirir.
1news.az