Zaur Kamal yenə də işətdiyi təhqiramiz ifadələrə görə gündəmə gəldi.
1news.az xəbər verir ki, daha öncə də aparıclıq etdiyi “5-də 5” və “Ay Zaur” verilişlərində sənət adamlarına efirə yaraşmayan ifadələr işlədən Zaur Kamar, tənqidlərə və xəbərdarlıqlara baxmayaraq yenə də eyni hərəkətə yol verib.
Belə ki, o, verilişə dəvət etdiyi müğənni Damlaya efir etikasına sığmayan ifadələr işlədib. Digər qonaq, meyxanaçı Pərviz Bülbülə də Zaur Kamalın işlətdiyi sözləri təkrarlayıb və nəticədə ikili arasında qeyri-etik dialoq baş tutub.
Xanım müğənni haqqında nə danışıldığını anlamayaraq təəccüblə dialoqu izləyib.
Video sosial şəbəkədə yayımlandıqdan sonra aparıcıya sərt tənqidlər ünvanlanıb.
Məsələ ilə bağlı “Xəzər TV” MMC-nin açıqlamasında həmin buraxılışın yanvarın 5-də efirə getdiyini və dialoqun yayımlanmadığı vurğulanıb:
“Sosial media və bəzi saytlarda sözügedən dialoq efirdə yayımlanmış kimi qələmə verilib. Buraxılışın efirə verilməsindən üç həftə sonra belə bir “qara piar”ın aparılmasını kimlərinsə məqsədinə xidmət edən və sifariş xarakterli kampaniya kimi qiymətləndiririk.
Televiziyamız “Ailəmizin və ailənizin Xəzəri” devizinə uyğun olaraq efir siyasəti aparır: Görünür “Xəzər TV”nin nüfuzunun gündən-günə artması kimlərisə narahat edir”.
Məsələ burasındadır ki, kanal öz izləyicilərinə hörmət göstərərək həmin dialoqu efirə verməmiş ola bilər, amma aparıcının öz məsuliyyətini dərk etmədən həmin ifadələri işlətməsi sadəcə dəhşət vericidir. Bir anlıq düşünək ki, həmin veriliş canlı olaraq yayımlanırdı. Onda necə olacaqdı? Öncədən hazırlanmış verilişdə montajla kadrları silmək olur, bəs canlı yayımlananda aparıcıya necə haqq qazandırılacaqdı?
Zaur Kamal də Prezident İlham Əliyev tərəfində fəxri ad – “Əməkdar mədəniyyət işçisi” almış bir işçidir. Bu ad həm də ona əlavə məsuliyyət gətirməli idi. Amma görünür ki, o, həm izləyicilərinə, həm qonaqlarına, həm də daşıdığı fəxri ada lazımi dəyər verə bilmir.
Unutmayaq ki, xalqa dəyər verdikcə xalq həmin insanı daha da bağrına basar. “Ailəmizin və ailənizin Xəzəri” devizi ilə çalışan bir kanalda işləyən şəxs dərk etməlidir ki, həmin kanal uşaqdan böyüyə qədər çox insan baxır. O zaman ailə içində danışılmayacaq sözlər efirdə dilə gətirilməməlidir.
Arxayın olunmalıdır ki, montajla hansısa kadrları silmək olur. O tərzdə danışıq bu gün efirdə, sabah hansısa böyük bir tədbirdə, başqa bir gün başqa məkanda da səslənə bilər.
Tanınmış telejurnalist, teletənqidçi Qulu Məhərrəmli mövzu ilə bağlı 1news.az-a açıqlama verərək deyib ki, Azərbaycan mediası Zaur Kamalın və onun kimi efir məsuliyyətini duymayan aparıcıların səviyyəsində olmasa da, proses ona doğru gedir:
“Ekranları zəbt etmiş bu növ aparıcılar, onlara bənzəyən səviyyəsiz müğənnilər, "ekspertlər" və belə komandaların ərsəyə gətirdiyi verilişlər bayağılıq və zövqsüzlük nümunələridir.
Bəzən verilişə dəvət etdikləri insanları aşağılamağın fərqində olmurlar. Bəzilərinin ümumi bilik səviyyəsi və davranış mədəniyyəti, dil bilgiləri zəif, nitqləri də qüsurlu olur. Bunların hamısı nəticə etibarilə ölkədə televiziyaçılığın bərbad vəziyyətə düşməsini sürətləndirir.
Çıxış yolu çörəyin çörəkçiyə verilməsi, peşəkar kriteriyalara əməl olunması, tamaşaçı qarşısında məsuliyyətin artırılması, peşəkar prodüserlərin, ssenarist və rejissorların televiziyalara yolunun açılmasıdır. Ekran yaxşı tərbiyə görməmiş adamların əsarətindən azad olunmalıdır”.
Son söz əvəzi olaraq qeyd edək ki, xalqı aşağılamaq, “mən nə göstərirəmsə odur, mən deyirəmsə düzdür” fikirləri ilə fəaliyyət göstərmək heç bi peşəkarlığa sığmır. Kimliyindən asılı olmayaraq onu zirvəyə çıxaran xalq, bir anda onu dərənin dibinə salar və tarixin qaranlıq səhifələrində itib-batar.
Öncə özümüzə hörmət etməyi öyrənək.
1news.az