Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə sözügedən qurumların nümayəndələri, millət vəkilləri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabitləri, müəllim və kursantları iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik-leytenant Emin Səfərov, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva qeyd ediblər ki, Azərbaycan gənclərinin tarixi-mədəni irsə, milli-mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyələndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Bildirilib ki, hələ ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev bu məsələlərə xüsusi diqqət yetirirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclər üçün böyük imkanlar yaradılır.
Çıxış edənlər keçən ilin aprel hadisələri zamanı Azərbaycan Ordusunun gücünü nümayiş etdirdiyini bir daha xatırlayaraq, hazırda Silahlı Qüvvələrimizin bölgənin ən qüdrətli ordusu olmasını, işğal altındakı torpaqları istənilən vaxt düşməndən təmizləməyə və ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu qeyd ediblər.
1news.az