BakuBus ASC-yə məxsus 6 saylı avtobusun sürücüsü Oqtay Novruzov sərnişinin həyatını xilas edib.
1news.az-a ASC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin verdiyi xəbərə görə, insident dünən səhər saatlarında baş verib.
M.Piriyevin sözlərinə görə, sürücü müşahidə kamerası ilə salondakı sərnişinlərdən biri – orta yaşlı kişinin yıxıldığını görür:
“Bunu görən sürücü avtobusu saxlayaraq sərnişinə köməklik göstərir. Belə ki, sərnişinin qıcolması tutub və dili qatlanıb. Sürücü sərnişinə ilkin tibbi yardım göstərir. Təcili yardım maşını gələnədək sərnişinin həyatı xilas edilir”.
Həmçinin M.Piriyev bildirib ki, bu cür hallar avtobusda tez-tez baş verir:
“Bütün sürücülərimiz Sürücülərin Tədris Mərkəzində xüsusi təlim keçdikdən sonra işə başlayırlar. Təlim zamanı onlara ilkin tibbi yardımla bağlı nəzəri və praktik biliklər öyrədilir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 3 apreldə verdiyi qayadaya əsasən Bakının nəqliyyat xidmətinin optimallaşdırılması üçün BakuBus ASC yaradılıb.
1news.az