Nazirlər Kabinetinin 24 yanvar, 2017-ci il tarixli qərarı ilə “Xarici donorlar tərəfindən AR-nın ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na dəyişiklik edib.
1news.az xəbər verir ki, “Şəffaflıq Azərbaycan” təşkilatı dəyişikliyin QHT problemlərinin həlli istiqamətində mühüm addım olduğunu və xarici donorlar tərəfindən ölkə ərazisində qrant vermək hüququnun əldə edilməsi prosedurunu asanlaşdıracağını hesab edir.
Qaydaya edilmiş ən mühüm dəyişikliklər aşağıdakılardır:
- Xarici donordan başqa indi həm də resipiyent (yəni, donorla qrant müqaviləsini bağlamış QHT) qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi (bundan sonra “rəy”) əldə etmək üçün müraciət edə bilər. Rəyin əldə edilməsi xarici donor tərəfindən Azərbaycan ərazisində verilmiş qrantın qeydiyyatdan keçirilməsi üçün ilkin şərtdir.
- Artıq resipiyent həm rəyin əldə edilməsi üçün, həm də qrantın qeydiyyatdan keçirilməsi üçün Ədliyyə Nazirliyinə eyni vaxtda müraciət edə biləcək. Əvvəllər qanunvericiliyin tələbinə görə donor rəyi əldə etmək üçün Maliyyə Nazirliyinə, resipiyent isə qrantı qeydiyyatdan keçirmək üçün Ədliyyə Nazirliyinə ayrıca müraciət etməli idilər.
- Rəyin əldə edilməsi üçün ərizəyə əlavə olunan xarici dildə tərtib olunan sənədlərin tərcüməsinin notarial qaydada təsdiq edilməsi barədə tələb ləğv olunub.
- Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi üçün müəyyən olunmuş müddət 15 gündən 7 günədək azaldılıb. Müvafiq olaraq, sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda müddət 15 günədək uzadıla bilərdisə, indi bu müddət 7 günə endirilib.
“Şəffaflıq Azərbaycan” təşkilatından bildiriblər ki, bu dəyişikliklər müsbət xarakter daşıyır və xarici donorların qrant vermək hüququnu əldə edə bilməsi ilə bağlı bürokratik yükü azaldır. Bununla belə, xarici qrantların verilməsi ilə bağlı qanunvericilik, o cümlədən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qrant verməsi üçün saziş bağlaması ilə əlaqədar proseduralar daha da sadələşdirilməlidir.
“Biz ümidvarıq ki, vətəndaş cəmiyyəti ilə aparılan müzakirələr bu sahədə qanunvericiliyinin daha da təkmilləşdirilməsinə töhfə verəcək”- deyə, təşkilatdan bildiriblər.
1news.az