Qobustanda fəaliyyət göstərən dini icma sədrlərinin, imam və axundların iştirakı ilə 2016-cı ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
1news.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Qobustan Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Dəyanət Rəcəbov, yerli icra nümayəndələri, dini icma sədrləri, imam və axundlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov rayondakı dini durumu təhlil edərək bildirib ki, il ərzində bu sahədə bir sıra uğurlar əldə edilib. Təsadüfi deyil ki, 2016-cı ilin “Multikulturalizm ili” olması da bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini artırıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli məruzəsində Dövlət Komitəsinin 2016-cı ildə gördüyü işlər, eləcə də növbəti ildə qarşıda duran vəzifələr, 2017-ci ilin möhtərəm Prezidentimiz tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi, o cümlədən bölgədəki dini durum, əldə edilən nailiyyətlər və nöqsanlar barədə danışıb.
Daha sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev dini fəaliyyətlə məşğul olan şəxslərə rayonda dini durumun sabitliyinin qorunması sahəsində daha effektiv və ardıcıl fəaliyyət göstərmələrini tövsiyə edərək Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvalarının yerinə yetirilməsi məsələlərini xüsusi diqqətə çatdırıb.
Sonda ayrı-ayrı dini icmaların sədrlərinin, imam və axundların çıxışları dinlənilib, sualları cavablandırılıb.
1news.az