Prezident İlham Əliyev Hindistan Respublikasının prezidenti Pranab Mukherciyə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Hindistanı dərin tarixi kökləri və xoş ənənələri olan dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, dostluq münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və rifah arzulayıram”.
Dövlət başçısı Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqrova da təbrik məktubu ünvanlayıb.
“Hörmətli cənab General-Qubernator,
Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Son illərdə Azərbaycan-Avstraliya əlaqələrinin genişlənməsi məmnunluq doğurur. Dost ölkələrimiz arasındakı əməkdaşlıq həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə davam etməkdədir.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında daim möhkəmlənən dostluq əlaqələri, səmərəli əməkdaşlığımız bundan sonra da ikitərəfli münasibətlərimizin inkişafına xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”- deyə, məktubda qeyd olunub.
1news.az