Azərbaycan manatı və Türkiyə lirəsinin enişi SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyədəki layihələrinin həyata keçirilməsinə təsir edə bilməz.
Dünya nəşrinin verdiyi xəbərə görə, bunu “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib:
“SOCAR dünyanın bir çox ölkəsinə investisiya yatırır. Lakin 18 milyard dollarla ən böyük investisiya qoyuluşu məhz Türkiyədə reallaşdırılır. İndiyədək bu investisiya proqramının 9,5 milyard dollarlıq hissəsi həyata keçirilib”.
Z.Qəhrəmanov qeyd edib ki, investisiyanın qalan hissəsi isə qarşıdakı illərdə həyata keçiriləcək və 2020-ci ilədək başa çatdırılacaq:
“Biz Türkiyəyə investisiya qoyuluşunu 4-5 illik nəzərdə tutmuruq. Uzun müddət bu ölkədə fəaliyyət göstərəcəyik və investisiyalarımız da davam edəcək”.
“SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi “Star” neft emalı zavodunun inşası üzrə işlərin 82 faizi tamamlanıb.
Məqsədimiz 2018-ci ildə illik 10 milyon ton dizel yanacağı istehsalı gücünə malik kompleksin istismara verilməsidir. Bununla da, illik 2,5 milyard dollarlıq idxalın qarşısı alınacaq”, - deyə Z.Qəhrəmanov sözlərinə əlavə edib.
1news.az