Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Təvəkkül Əliyev dünyasını dəyişib.
1news.az xəbər verir ki, bu barədə teatrdan APA-ya məlumat verilib.
T. Əliyev yanvarın 22-də səhər saatlarında vəfat edib. Mərhum bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq.
Təvəkkül Əliyev 1973-cü ildə İncəsənət İnistitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. T.Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M.İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olub. Daha sonra o, N.Xəzrinin "Sən yanmasan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Hikmətin "Bayramın birinci günü", A.P.Çexovun "Yubiley", M.İbrahimovun "Kəndçi qızı", M.Musiyenkonun "Nəsillər, eşidin!", V.Şekspirin "Qış nağılı", H.Cavidin "Topal Teymur", S.Vurğunun "Fərhad və Şirin", Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", Ə.Əylislinin "Vəzifə" və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yadda qalan obrazlar yaradıb.
25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.
1news.az