2016-cı ildə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26 min 565 müraciət edilib.
“Azərsu” ASC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərini asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. 2016-cı ildə “ASAN xidmət” mərkəzlərinin əhatə dairəsinin genişlənməsi daha böyük istehlakçı qruplarının “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərdən istifadəsinə şərait yaradıb.
2016-cı ildə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26 min 565 müraciət edilib. Müraciətlərin 7905-i smart-kartlara yükləmələr haqqında məlumatın verilməsi, 5694-ü yararsız vəziyyətə düşmüş smart-kartların bərpası, 4652-si abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı olub. Bununla yanaşı, məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı 2156, ödənişlə bağlı 1907, borclar haqqında məlumatların verilməsi ilə bağlı 2113, digər məsələlərlə bağlı 2138 müraciət daxil olub. Ən çox müraciət (7382) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınıb.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. “Azərsu” ASC-nin müştəri xidmətləri ilə bağlı 2014-cü ildə 10 min 13, 2015-ci ildə 17 min 108 və 2016-cı ildə 26 min 565 olmaqla, ümumilikdə 53 min 686 müraciət daxil olub. Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində təşkil olunub.
1news.az