Prezident İlham Əliyev “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, fərmanla “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə” təsdiqlənib. “Lisenziyalar və icazələr” portalının (bundan sonra - portal) operatoru İqtisadiyyat Nazirliyi müəyyənləşib.
Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin portal vasitəsilə həyata keçirilməsini təmin etmək üçün müəyyənləşdirilən son müddətlərin göstərildiyi cədvəli təsdiqləməli, portala inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısını və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün müəyyənləşdirilən son müddətlərin göstərildiyi cədvəli təsdiqləməli, informasiya sistemlərinin portala inteqrasiyası üçün texniki tələbləri təsdiqləməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli, portalın saxlanması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə əlaqədar təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Lisenziya və ya icazə verən, habelə özlərinə məxsus informasiya sistemləri vasitəsilə portalda informasiya mübadiləsində iştirak edən orqanlar lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin bu Fərmanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş cədvəldə müəyyən edilmiş müddətlərdə portal vasitəsilə həyata keçirilməsini təmin etməli, informasiya sistemlərinin bu Fərmanın 3.1.4-cü yarımbəndində nəzərdə tutulmuş müddətlərdə və bu Fərmanın 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş texniki tələblərə uyğun olaraq portala inteqrasiya olunmasını və görülmüş işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsini təmin etməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
1news.az