Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dünya bazarında təhlükəsizlik texnikası avadanlığı sahəsində lider olan, Böyük Britaniyanın tanınmış “Smiths Detection” texnologiya qrupuna daxil olan Almaniyanın “Smiths Heimann GmbH Wiesbaden” şirkətinin nümayəndə heyəti ilə görüşüb.
1news.az-ın məlumatına görə, A.Əliyev “Smiths Detection” şirkəti ilə son 5 ildə həyata keçirilən mükəmməl əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, bu əməkdaşlıq çərçivəsində “Smiths Detection” şirkəti Azərbaycanın Dövlət Gömrük Komitəsini yüklərin yoxlanılması üçün 11 müasir rentgen kompleksilə təmin edib. Rentgen kompleksləri Azərbaycan sərhədlərində qadağan olunmuş malları aşkar etmək üçün yük avtomobilləri və dəmir yollarında yoxlamalar aparılmasında istifadə olunur. Belə ki, ötən il ərzində Azərbaycan gömrük orqanları “Smiths Detection” şirkətinin quraşdırdığı avadanlığın köməyilə 1100 kiloqramdan artıq narkotik maddə aşkar ediblər.
Sonra A.Əliyev gömrük əməkdaşlığının inkişaf etdirilməsində xidmətlərinə görə “Smiths Detection” şirkətinin nümayəndəsi Volter Knöpselə Azərbaycan Gömrük Xidmətinin döş nişanını təqdim edib.
Komitə sədri qarşıdakı illərdə də “Smiths Detection” şirkətilə əməkdaşlığın inkişaf etdiriləcəyinə, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olacağına ümidvar olduğunu bildirib.
1news.az