Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar.
1news.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, E.Quliyev və S.Mehdiyev “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində sərnişinlərin və nəqliyyat vasitələrinin sərhədkeçmə vəziyyəti barədə məlumat alıb, dövlət sərhədindən keçən sərnişinlər və yük avtomobillərinin sürücüləri ilə söhbət edərək onların qarşılaşdıqları problemlərlə maraqlanıblar.
Dövlət sərhədindən keçən şəxslər, yük avtomobillərinin sürücüləri buraxılış məntəqəsindəki şəraitdən razılıqlarını ifadə ediblər, eləcə də gömrük rəsmiləşdirilməsi ilə əlaqədar problemlərinin olmadığını bildiriblər.
Son illərdə həyata keçirilən islahatlarla paralel olaraq “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində tranzit yükdaşımalarının həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlər barədə vəzifəli şəxslərin məruzələri də dinlənilib, mövcud problemlər, həmçinin sərnişinlərin və nəqliyyat vasitələrinin gömrük nəzarəti prosesinə daha az vaxt sərf edilməsi imkanları müzakirə edilib.
Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.
1news.az