İraq hərbçiləri Twitter sosial şəbəkəsində İŞİD cərgələrində döyüşən əcnəbilərin sənədlərini əks etdirən videonu paylaşıb.
1news.az-ın verdiyi xəbərə görə, ötən ilin oktyabr ayından başlayaraq İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar başlayıb.
Sənədlərin məhz hansı ərazidə tapılması qeyd edilmir. Lakin kadrlardan Azərbaycan və Rusiya vətəndaşlarının pasportları aydın görünür.
Həmçinin çəkiliş zamanı Rusiya vətəndaşlarının pasportları yaxından çəkilsə də, azərbaycanlıya məxsus pasportlar sadəcə uzaqdan kadra düşür. Buna görə də vətəndaşın adı aydın görünmür.
Qeyd edək ki, Azərbaycanda da terrorizmlə mübarizə tədbirləri aparılır. Mübarizə çərçivəsində qanunsuz terror təşkilatı İŞİD və digərlərinin tərkibində Suriya və İraqda qanunsuz döyüşən ölkə vətəndaşları həbs edilir.
Belə ki, 2016-cı ilin fevralında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları antiterror əməliyyatları zamanı İŞİD və digərlər terror təşkilatların tərkibində Suriya və İraqda qanunsuz döyüşən 8 azərbaycanlını həbs edib. Elə həmin ilin noyabr və dekabr aylarında terrorçuları məhv ediblər.
Həmçinin qeyd edək ki, yuxarıda adı çəkilən cinayətlərə görə Azərbaycanda 20 ildən ömürlük həbs cəzasınadək cəza nəzərdə tutulub.
Eləcə də, Azərbaycandan kənar ekstremist və terror təşkilatlarının fəaliyyətində iştirak etdiyinə görə 58 nəfər ölkə vətəndaşlığından məhrum edilib.
Bu haqda Dövlət Miqrasiya Xidmətində 2016-cı ilin yekunlarına həsr olunmuş xidməti müşavirədə xidmətin rəisi Firudin Nəbiyev hesabat məruzəsində bildirib:
“Azərbaycan hüdudlarından kənarda 58 nəfərin dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib”.
Xidmət rəisi xüsusi vurğulayıb ki, görülən tədbirlər ölkənin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətdə saxlanılmalıdır.
1news.az