“Mədəniyyət.AZ” jurnalının ötən il üçün son sayı rəngarəng və maraqlı yazılarla dəyərli oxucuların ixtiyarına verilib.
1news.az-ın verdiyi xəbərə görə, dərginin ilk səhifələrində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi həyatını əks etdirən məlumatlar təqdim olunur.
“Könlüm keçir Qarabağdan” qeydlərində düşmən işğalında qalan ərazilərimizdəki tarixi-mədəni irsə qarşı törədilən vandallıq aktlarından ürək ağrısı ilə söhbət açılır.
Bu sayımızda “Nəsiminin şəxsiyyəti: tarixi qaynaqlar işığında”, “Söz mülkünün Xaqanı” araşdırmaları və “Şopenin sonatası” hekayəsi ədəbiyyatsevərlərin ixtiyarına verilir.
Korifey sənətkarımız, Xalq artisti Nəsibə Zeynalovanın yaradıcılığına səyahətlə yanaşı (“Düşüncəli etüdlər, yaxud Nəsibə Zeynalova sənətkarlığının estetik özəllikləri”), V.Mayakovski adına Moskva Akademik Teatrının kollektivi ilə ölkəmizə qastrol səfərinə gəlmiş tanınmış teatr və kino aktrisası Yevgeniya Simonovanın müsahibəsi (“Tolstoyu sevən Yevgeniya Simonova”) ilə də “Teatr” bölümündə tanış ola bilərsiniz.
“Bu kino ki var...” rubrikası yenə də həmişəki kimi zəngindir. Məşhur ekran əsərinə həsr olunmuş “Arşın mal alan”ın ekran yolu”, 2016-cı ildə yaşının yarım əsrini haqlayan dedektiv filmimiz barədə “İstintaq davam edir-50” və Azərbaycan Dövlət Film Fondunun fəaliyyətindən bəhs edən “Milli kino tariximizin mühafizi”, paytaxtımızda çəkilən dünya kinosu incilərindən danışan “Bakı əcnəbi filmlərdə” yazıları məhz həmin bölmədə yer alıb.
Görkəmli bəstəkar, professor Oqtay Rəcəbov, tanınmış fırça ustası, Xalq rəssamı Maral Rəhmanzadə, peşəkar rəqqas, təşkilatçı və maraqlı kompazisiyalar quruluşçusu Fərhad Vəliyev haqqında məqalələrdə sənət adamlarının həyat və yardıcılığı diqqətlə araşdırılıb, istiqlal aşiqi Ceyhun Hacıbəylinin portret cizgiləri canlandırılıb.
“Musiqi” bölümündə Fransada reallaşan Mulhouse Musiqi Festivalı, “Turizm”də İlisu Snov Tubinq Parkdan təəssüratların da oxucuların ürəyincə olacağına əminik
“Elm” bölümündə isə gənc alimlərin, tədqiqatçıların müxtəlif mövzulu məqalələri, araşdırmaları öz əksini tapıb.
İnanırıq ki, “Mədəniyyət,AZ” jurnalının bu sayı da hörmətli oxucuların böyük sevgisi ilə qarşılanacaq.
1news.az