Yanvarın 15-dən etibarən 1 saylı ASAN Kommunal Mərkəz vətəndaşlara xidmət göstərməyə başlayıb.
1news.az-ın verdiyi xəbərə görə, pilot layihə çərçivəsində 1 saylı ASAN Kommunal Mərkəzinin xidmətlərindən ilkin mərhələdə Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan sakinləri yararlana biləcəklər.
Burada eyni zamanda özəl şirkətlər də öz xidmətlərini vərəndaşlara çatdırır, yəni bank və sığorta şirkətləri də Mərkəzdə fəaliyyət göstərir.
Yaxın gələcəkdə paytaxtda daha iki ASAN Kommunal Mərkəz istifadəyə veriləcək: "2 saylı ASAN Kommunal Mərkəz dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək.
Bu haqda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib:
“Artıq 54 sakin xidmətlərdən faydalanıb”.
Onun sözlərinə görə, bundan sonra bütün Bakı sakinləri qeydiyyat yerindən asılı olmayaraq mərkəzlərdən istifadə edə biləcək:
“Növbəti illərdə isə regionlarda kommunal mərkəzlər fəaliyyətə başlayacaq”.
Ümumi sahəsi 2800 kvadratmetr olan Mərkəzdə "Azərişıq" ASC, "Azərsu" ASC, "Azəriqaz" İB tərəfindən 45 növ xidmət göstərilir.
Bundan əlavə, Mərkəzdə 85 əməkdaş, 20 könüllü çalışır.
Müasir kommunikasiya-informasiya qurğuları ilə təchiz olunan Mərkəzdə həmçinin istirahət otağı, kafe, ana və uşaq otağı, eləcə də Uşaq Əyləncə Mərkəzi də fəaliyyət göstərir.
Burada xüsusi monotorlar quraşdırlıb. Bu monitorlar vasitəsilə növbə sistemi, kompyuterlərin internetə daimi qoşulması, rüsüm, xidmət və ərizə formalarının doldurulması nümunələri əks olunur. Eləcə də bu monitorlarda ASAN ödəniş terminalları, 108 məlumat mərkəzi də quraşdırılıb.
Akademik Həsən Əliyev küçəsində yerləşən mərkəzdə 40 avtomobil üçün dayanacaq da fəaliyyət göstərir.
Xatırladaq ki, dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib.
1news.az