Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində “Tax Free” sistemi tətbiq olunacaq.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”na edilən dəyişikliklərdə öz əksini tapıb.
Artıq bir neçə aydır ki, ölkəmizdə tətbiqinə başlanılan “Tax Free” sistemindən bundan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xətti ilə səfər edən xarici vətəndaşlarda istifadə edəcək. “Tax Free” sistemi vasitəsilə xarici ölkə vətəndaşı, turist ölkədən çıxarkən təqdim edilən məhsul üzrə əlavə dəyər vergisinin (ƏDV) faizi həmin şəxsə qaytarılır.
Bunun üçün alınan məhsulun qəbzi olmalıdır və mağazada məhsul alınarkən xüsusi blank doldurulmalıdır. Blankda geri alınacaq məbləğin miqdarı göstərilir. Ölkəni tərk edərkən həmin sənəd gömrük orqanına təqdim edilir və məhsul üçün ödənilən ƏDV geri qaytarılır.
1news.az