Xarici donorların qrant müqavilələrinin qeydə alınması üçün tələb edilən sənədlərin sayı azaldılıb, bildiriş forması ləğv edilib.
Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilib.
“Qrant haqqında” qanuna əsasən beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər.
Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na edilən dəyişikliyə əsasən xarici donorlar tərəfindən bağlanılmış qrant müqaviləsinin (qərarının) qeydə alınması ilə bağlı sənədlərin təqdim edilməsi və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi “bir pəncərə prinsipi” üzrə Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na uyğun həyata keçiriləcək. Həmin Qaydaya əsasən xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir. Qrant vermək hüququnun əldə edilməsi üçün Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.
“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na görə indiyədək müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 15 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına – Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Dəyişikliyə əsasən bu müddət uzadılıb. Artıq müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 30 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir. Digər dəyişiklik Azərbaycanda dövlət büdcəsi hesabına verilən qrantlarla bağlıdır. İndiyə qədər dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana – Ədliyyə Nazirliyinə donor tərəfindən 3 gündən gec olmayaraq təqdim olunub. Artıq dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən 3 gündən deyil, 7 gündən gec olmayaraq təqdim olunacaq.
Növbəti dəyişiklik qrant müqaviləsinin hansı halda xidmət müqaviləsi kimi qeydə alınmasının mümkünlyü ilə bağlıdır. Başqa sözlə, qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər. Digər dəyişikliklər qrant müqaviləsinin (qərarının) Ədliyyə Nazirliyində qeydə alınması üçün tələb edilən sənədlərin sayının azaldılması ilə bağlıdır. Bundan sonra qrant müqaviləsinin qeydə alınması üçün müraciət etmiş qurumun qrantı qeydə alan orqanda dövlət qeydiyyatına alındığı hallar istisna olmaqla, donor (resipiyent) olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin (əsasnaməsinin) surəti, xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququnu təsdiq edən sənədin surəti, qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilməsi barədə sənəd tələb olunmayacaq. Ancaq Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilib-edilməməsinin yoxlanılmasını araşdırmalıdır. Eyni zamanda Ədliyyə Nazirliyi artıq bildirişin verilməsi üçün Azərbaycanın rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycan qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğunu araşdırmayacaq.
Bundan sonra həm də xarici donor tərəfindən verilən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin alınması tələb olunduğu halda, qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı həmin qrantın məqsədəmüvafiq hesab edilməsi barədə rəy qeydiyyat orqanına daxil olduqdan sonrakı gün başlanılacaq. İndiyə qədər təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, qeydiyyat orqanı – Ədliyyə Nazirliyi müqavilənin (qərarın) qeydə alınmasını dayandırıb və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 iş günü müddət təyin edib. Dəyişikliyə əsasən 5 iş günü müddəti 10 iş günü müddəti ilə əvəz edilib.
Ədliyyə Nazirliyi tərəfindən müqavilələrin (qərarların) qeydə alınmasından imtina hallarının da sayı artırılıb. Başqa sözlə, xarici donorlar tərəfindən verilən qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda və ya qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edildikdə qrant müqavilələri qeydə alınmayacaq. “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na edilən dəyişikliyə əsasən “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması barədə bildirişin forması” da ləğv edilib.
1news.az