Azərbaycan Dövlət Televiziyasının ötən gün efirə gedən “Günün nəbzi” verilişində ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər müzakirə olunub.
1news.az-ın məlumatına görə, verilişdə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli, Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması koordinatoru Əliməmməd Nuriyev qonaq qismində iştirak ediblər.
Korrupsiyaya qarşı mübarizədə ötən ilin statistik məlumatlarını diqqətə çatdıran Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyev bildirib ki, keçən il rəhbəri olduğu quruma korrupsiya hüquqpozmaları və korrupsiya cinayətləri üzrə vətəndaşlardan 9360 ərizə və müraciət (2015-ci ildə 10654) daxil olub. Bu məlumatlar əsasında 23 cinayət işi başladılıb və onlar istintaq edilərək məhkəmələrə göndərilib. Həmçinin daxil olan məlumatlar üzrə 6 əməliyyat tədbiri həyata keçirilib və cinayətkarlar cinayət başında yaxalanıblar.
İdarə rəisi korrupsiya hallarının daha çox qeydə alındığı sahələrin adlarını da qeyd edib:
“Korrupsiya hallarına həm dövlət, həm də özəl sektorda rast gəlinir. Misal üçün, tikinti, bank, təhsil, səhiyyə və xidmət sektorları üzrə korrupsiya halları ilə bağlı cinayət işləri baxılması üçün məhkəmələrə göndərilib. Eyni zamanda süni qiymət artımı ilə bağlı da korrupsiya hallarına qarşı müvafiq qaydada tədbirlər görülüb. Belə ki, keçən il süni qiymət artımı ilə bağlı 13 şəxs barəsində 12 cinayət işi açılıb.
İstintaq olunmuş və məhkəmələrə göndərilmiş ümumi cinayət işlərinin sayına gəlincə, 2015-ci ildə 295 şəxs barəsində 200 cinayət işi istintaq olunaraq məhkəmələrə göndərilib. 2016-cı ildə isə 313 şəxs barəsində 201 cinayət işi istintaq olunaraq məhkəmələrə göndərilib”.
Dəyirmi masanın tam video variantını təqdim edirik:
1news.az