Bu gündən etibarən “ASAN Viza” portalı (www.evisa.gov.az) test rejimindən çıxaraq tam istifadəyə verilib.
Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər.
Məlumata görə, bu günə kimi “ASAN Viza” portalından 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib.
Xatırladaq ki, 16 dekabr 2016-cı il tarixində “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər.
Elektron viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.
1news.az