Bu gecə İstanbulun “Reina” klubuna silahlı hücum nəticəsində yaralanan iki azərbaycanlıdan birinin adı məlum olub.
1news.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, yaralılardan biri Günel Həsənovadır.
Qeyd olunur ki, yaralı Hasaki Eğitim Araşdırmalar Xəstəxanasına yerləşdirilib.
Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.
Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan verilən məlumata görə, yaralılar arasında biri kişi, digəri isə qadın olmaqla 2 azərbaycanlı da var.
“Onlar hadisənin baş verdiyi “Reina” gecə klubuna yaxın xəstəxanaya yerləşdiriliblər. Hazırda Baş Konsulluq Türkiyənin Səhiyyə Nazirliyi ilə yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır”, - deyə məlumatda bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə, yaralı qadının vəziyyəti qənaətbəxş olduğuna görə, o artıq xəstəxanadan evə buraxılıb.
1news.az