2016-cı il sona çatdı. Yola saldığımız il tarixdə ölkəmizin inamla inkişafı ili kimi qalacaq.
1news.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan başa çatan bu ildə siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, mühüm uğurlar qazandı. Azərbaycan iqtisadiyyatında da bir çox nailiyyətlər əldə edildi.
Azərbaycanın iqtisadi sahədə apardığı islahatlar əvvəlki illərdə olduğu kimi, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi. 2016-cı ildə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsini təsdiq etməsi, sənaye parklarının yaradılması, kənd təsərrüfatının inkişafına dəstəyin göstərilməsi əhəmiyyətli məsələlərdir.
Prezident İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdi. Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi dünyanın diqqətini müxtəlif dinlərin və millətlərin, etnik qrupların nümayəndələrinin əsrlərdir mehribanlıq şəraitində yaşadığı ölkəmizə yönəltdi.
Bu il Azərbaycan Ordusu daha da gücləndi. Aprel ayında erməni silahlı qüvvələrinin təxribatının qarşısını alan ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu və Azərbaycan işğal edilmiş torpaqlarının bir hissəsini azad etdi. Tarixi qələbəmiz olan aprel döyüşləri Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi.
Bakıda bu il keçirilən “ADEX 2016” ikinci Beynəlxalq müdafiə sərgisində ölkəmizdə istehsal olunan yeni növ hərbi məmulatlar nümayiş etdirildi. Beynəlxalq nümayəndə heyətlərinin sərgiyə maraq göstərməsi Azərbaycanın mühüm strateji tərəfdaş kimi dünyada və regionda yüksək rolunu bir daha göstərdi.
Əvvəlki illərdə olduğu kimi, ötən il də Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdi. Bu sırada Formula-1 Avropa Qran-prisini, 42-ci Ümumdünya Şahmat Olimpiadasını, IV Qlobal Bakı Forumunu, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresini və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasını və digər tədbirləri qeyd etmək olar. Bundan başqa, Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq Trans-Adriatik boru kəməri - TAP-ın təməlinin qoyulması, tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi, Roma Papası Fransiskin Azərbaycana pastoral səfəri yola saldığımız ildə tariximizə yazılmış ən yaddaqalan hadisələrdəndir.
2016-cı ildə “Rio-2016” Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları parlaq qələbələrə imza atdılar - 18 medal qazandılar. Medalların sayına görə Azərbaycan dünya miqyasında 200 ölkə arasında 14-cü yerə layiq görüldü.
Beləliklə, həm hərbçilərimiz, həm də idmançılarımız müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən bu bayram ilində Azərbaycana qələbə sevinci bəxş etdilər. Bütün bunlara əsaslanaraq tam əminliklə demək olar ki, 2016-cı il ölkəmiz üçün böyük uğurlarla yadda qalacaq.
2017-ci ildə isə Bakı IV İslam Həmrəylik Oyunlarına, Formula-1 Azərbaycan Qran-prisi yarışlarına və digər mühüm idman tədbirlərinə ev sahibliyi edəcək. Yeni ildə paytaxtımızda, həmçinin V Qlobal Bakı Forumu, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Tarixə uğurlu il kimi yazılan 2016-cı il möhtəşəm atəşfəşanlıqla yola salındı. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.
Bulvar ərazisində müxtəlif yerlərdə hündür şam ağaclarının bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verirdi.
Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraq və heyranlıqla seyr edirdilər.
Köhnə ili xoş ovqatla yola salan xalqımız Yeni ilə yeni arzular, ümidlər və qələbələr sorağı ilə qədəm qoydu.
Qədəmlərin uğurlu olsun, 2017-ci il.
1news.az