Bu gün Bakının Xəzər rayonunun Türkan qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün inşa olunmuş hər biri 5 mərtəbəli, 40 mənzilli 2 yaşayış binası istifadəyə verilib.
1news.az-ın məlumatına görə, mərasimdə fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev də iştirak ediblər.
Mərasimdə çıxış edən nazir müavini E.Mirzəyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edibş, belə bir əlaqmətdar günlərdə yeni ili yeni evlərində qarşılayacaq nazirlik əməkdaşlarına və onların ailə üzvlərinə ən xoş arzularını çatdırıb.
Bütün bu işlərin ölkə Prezidenti İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olduğunu deyən nazir müavini xidməti mənzillərin müasir tələblərə cavab verdiyini və hər cür şəraitlə təmin olunduğunu söyləyib. Əmin olduğunu bildirib ki, dövlətimizin bu dəyərli hədiyyəsi nazirlik əməkdaşlarının daha əzmkar fəaliyyət göstərmələrinə əlavə təkan verəcək.
Sonra nazir müavini F.Tağı-zadə yeni mənzillərin açarlarını sahiblərinə təqdim edib. Daha sonra binanın rəmzi açılışını bildirən qırmızı lent kəsilib.
Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan, lazımi mebel avadanlıqları ilə təchiz olunmuş yaşayış binaları Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müasir standartlara uyğun olaraq inşa edilib.
1news.az