2016-cı ilin sonuna ölkə üzrə ümumi qazlaşma səviyyəsinin 90 faizə çatdırılması planlaşdırılır.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Sənəddə qeyd olunur ki, 2009–2016-cı illər ərzində 1309 yaşayış məntəqəsi qazlaşdırılıb. Yaşayış məntəqələrinin qazlaşdırılması və respublikanın təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə 46 min 82 kilometr uzunluğunda yeni qaz xətləri çəkilib, təbii qaz təchizatının yaxşılaşdırılması üçün 8 min 827 kilometr uzunluğunda qaz xətti əsaslı təmir olunub. 2009-cu il yanvarın 1-nə qazdan istifadə edən əhali abunəçilərinin sayı 697 min təşkil etdiyi halda, 2016-cı il oktyabrın 1-nə bu göstərici 1 milyon 929 min 716-ya çatdırılıb.
İstifadə olunan təbii qazın dəqiq uçotunun aparılması və dəyərinin ödəniş səviyyəsinin artırılması üçün sayğaclaşma səviyyəsi 100 faizə çatdırılıb. Ölkə üzrə ümumi qazlaşma səviyyəsi 2016-cı il oktyabrın 1-nə 87,8 faiz təşkil edib və bu göstəricinin 2016-cı ilin sonuna 90 faizə çatdırılması planlaşdırılır.
Qazlaşma proqramının icrası davam etməkdədir. Bu proqramın icrası nəticəsində 5 şəhərdə (Sumqayıt, Mingəçevir, Gəncə, Naftalan və Şirvan) və 6 rayonda (Abşeron, Biləsuvar, Hacıqabul, Füzuli, Balakən və Qazax) məntəqə üzrə qazlaşma səviyyəsi 100 faizə çatdırılıb. Regionların təbii qaz təchizatının yaxşılaşdırılması istiqamətində aparılan işlər nəticəsində 3 rayon mərkəzinin (Neftçala, Hacıqabul, Şаbrаn) qaz təchizatı şəbəkəsi tam şəkildə yenidən qurulub. 2016-cı ilin yanvar ayının 1-dən isə “ASAN xidmət” mərkəzlərində “Azəriqaz” İB tərəfindən müvafiq 16 xidmətlər təşkil olunub. İstifadə olunmuş təbii qazın dəyərinin ödənilməsində müasir texnologiyalar, Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi, ölçü vasitələri, ödəniş terminalları tətbiq edilib.
1news.az