Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzi rayon ərazisində fəaliyyət göstərən 144 saylı, 157 saylı və 314 saylı tam orta məktəblərdə peşəyönümü tədbirləri keçirib.
1news.az-ın məlumatına görə, yuxarı siniflərdə oxuyan 443 şagirdlə bərabər 50 nəfərədək valideynin də iştirak etdiyi tədbirlər gənclərin peşə meyillərini öyrənmək və onlara əmək bazarının real tələblərinə uyğun düzgün peşə seçimində köməklik göstərmək məqsədinə xidmət edib.
Mərkəzin mütəxəssisləri gənclərə və valideynlərə mövcud əmək bazarı, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, gənclərin peşə və ixtisas seçiminin əmək bazarının tələblərinə uyğun aparılması onların gələcək məşğulluğu, eləcə də uğurlu əmək fəaliyyəti üçün vacib şərtlərdən biridir. Bu amil eyni zamanda işəgötürənlərin lazımi peşə və ixtisaslar üzrə işçi qüvvəsinə olan ehtiyaclarının ödənilməsi, ümumən işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması, əmək bazarının tənzimlənməsi üçün xüsusi önəm kəsb edir.
Tədbirlər zamanı gənclərə peşə seçimi ilə bağlı əmək bazarındakı vəziyyətə uyğun məsləhət və tövsiyələr verilib, onlara məşğulluq xidmətləri barədə məlumatların əks olunduğu əyani vəsaitlər paylanıb. Gənclərin mövzu ilə bağlı sualları da cavablandırılıb. Tədris ili ərzində rayonun digər orta məktəblərində də peşəyönümü tədbirləri keçirilməsi nəzərdə tutulur.
Cari ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən valideynlərin də iştirakı ilə təşkil edilən peşəyönümü tədbirlərində 102 337 nəfər gəncə peşəyönümü məsləhət və tövsiyələri verilib.
1news.az