Hesablama Palatası cari ilin sonuncu kollegiya iclasını keçirib.
1news.az-ın məlumatına görə, palatanın sədri Vüqar Gülməmmədov 2016-cı ilin ilkin yekunları və 2017-ci ildə qarşıya qoyulan vəzifələr barədə danışıb, maliyyə nəzarətinin gücləndirilməsi məqsədilə görüləcək işlər üzrə tapşırıqlar verib.
Kollegiya iclasında, həmçinin Hesablama Palatasının 2017-ci il üçün iş planının layihəsi müzakirə olunaraq təsdiqlənib.
Palatanın nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INCOSAI) XXII konqresində iştirakı barədə beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin müdiri Hilal Hüseynovun məlumatı dinlənilib.
Kollegiya iclasında Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsindən Oğuz Rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, büdcənin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Hacıqabul Rayon İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilən nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.
1news.az