Bakının Xətai rayonunda yerləşən Süleyman Vəzirov küçəsində təmiri işlərinə start verilib.
1news.az-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, sözügedən küçənin uzunluğu 700 metr, eni 11 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü 2 qat olmaqla yenisi ilə əvəz olunacaq. Bundan başqa piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulacaq, mövcud olanları bərpa olunacaq.
Səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədi ilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılacaq, yağış barmaqlıqları qoyulacaq. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək.
Hazırda təmir işlərinin aparıldığı ərazidə yeni yeraltı kommunikasiya xətləri çəkilir. Təbii ki, aidiyyəti qurumlarla kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyünün qısa müddət ərzində sıradan çıxmasının qarşısını almış olacaq.
Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan təmir işləri zamanı 8 min kvadratmetr sahənin asfaltlanması, piyada səkilərinin kənarlarına isə 1 500 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.
Təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəilişi işləri aparılacaq.
1news.az