Azərbaycan qlobal proseslərin təsirindən qorunmağa, itkilərini minimuma endirməyə və əhalinin sosial müdafiəsinin təmin edilməsinə nail ola bilib.
1news.az-ın məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsində vergilər naziri Fazil Məmmədov vergi sistemindəki yeniliklərdən danışarkən deyib.
Ölkəmizin vergi sistemində aparılan islahatların əsas istiqamətlərindən danışan nazirin sözlərinə görə, qarşıya qoyulan hədəflərə çatmaq və yeni iqtisadi inkişaf modelinə keçidlə bağlı dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş konkret vəzifələrin icrasını təmin etmək üçün vergi orqanları da bütün səylərini səfərbər ediblər:
“Dövlət büdcəsinin gəlirlərinin artırılması üçün Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi potensialının düzgün müəyyənləşdirilməsi və yeni vergi mənbələri hesabına vergitutma bazasının genişləndirilməsi, vergilərin tam həcmdə və vaxtında ödənilməsinə nəzarətin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə “risklərin idarə edilməsi” kimi innovativ alətlərin uğurla tətbiqinə başlanılıb, iri vergiödəyicilərində elektron auditin tətbiq dairəsi genişləndirilib”.
F.Məmmədov vergiödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə 2017-ci ilin yanvarından intizamlı vergiödəyicilərinə xidmətin “Yaşıl dəhliz” prinsipi əsasında həyata keçirilməsi üçün hazırlıq işlərinin başa çatdırıldığını da diqqətə çatdırıb. Qeyd edib ki, şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyiciləri üçün fərdi və sürətli innovativ texnologiyalara söykənən xidmətlərin göstərilməsi vergi orqanları və sahibkarlar arasında münasibətlərin yeni müstəviyə qaldırılması istiqamətində çox mühüm addım hesab edilə bilər.
1news.az