“Sabit vergi fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərə tətbiq ediləcək”.
1news.az xəbər verir ki, bu sözləri vergilər naziri Fazil Məmmədov Azərtac-a müsahibəsində bildirib.
O deyib ki, bu ödəyicilər kiçik həcmdə gəlirlərə malik olan, məsələn, fərdi foto, audio-video xidmətləri göstərən, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olan, fərdi yaşayış evlərində qulluqçuluq, sürücülük edən və s. analoji işlərlə məşğul olan şəxslərdir.
Nazirin sözlərinə görə, sabit verginin tətbiq olunması nəzərdə tutulan fiziki şəxslər mövcud qanunvericiliyə görə də vergi uçotuna alınmalı, bəyannamə təqdim etməli və vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər:
“Bəzi fəaliyyət növlərinin sadələşdirilmiş vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin əsas məqsədi isə bu fəaliyyətlə məşğul olan şəxslərdən vergilərin toplanmasından daha çox bu sahədəki uçotun sadələşdirilməsi və həmin şəxslərdə inzibati yükün minimuma endirilməsi məqsədini daşıyır.
Sabit vergi mexanizmi, ilk növbədə, belə fəaliyyətin və fərdi qaydada iş (xidmət) göstərən şəxslərin uçotunu düzgün aparmağa imkan verəcək. Bu isə, öz növbəsində, müvafiq dövlət qurumları tərəfindən işsizliyin səviyyəsinin dəqiq müəyyən edilməsinə yardım edəcək”.
Fərid Ədalət