Sivil cəmiyyətlərdə hər ilin sonunda bir il öncə verilmiş müxtəlif səpkili proqnozların təhlilləri aparılır.
1news.az xəbər verir ki, bizdə o ənənə hələ inkişaf etməsə də, biz ənənəmizə sadiq qalıb 2016-cı il üçün Səbuhi Rəhimlinin verdiyi 20 proqnozu və onların gerçəkləşmə əmsalını nəzərinizə çatdırırıq.
1. Aprelin əvvəlinə qədər hökuməti böyük sınaqlar gözləyir. “Balanslaşdırılmış siyasət” zəifləyəcək.
- Doğru çıxdı. İkinci devalvasiyadan sonra ciddi narazılıqlar, hakimiyyətdaxili gərginlik pik həddə çatdı. Qərb institutlarının fəaliyyəti kifayət qədər məhdudlaşdırıldı. Bu gərginlik 2 aprelə - döyüş əməliyyatlarına qədər davam etdi.
2. İnformasiya vasitələri zəifləyəcək, bir-biri ilə savaşa girəcək. Hətta ola bilsin ki, onlardan bir çoxu fəaliyyətlərini dayandırsın. Ümumiyyətlə, bu il media ağır dövrlərindən birini yaşayacaq.
- Doğru çıxdı. Bu il media son onilliyin ən ağır dövrünü yaşadı. Çap mediası demək olar ki, ölümcül hala düşdü. İnternet portallarında isə kütləvi ixtisarlar baş qaldırdı, bəzi saytlar fəaliyyətini dayandırdı.
3. Dollar heç vaxt 1,5 manatdan ucuz olmayacaq.
- Doğru çıxdı. İl ərzində dolların məzənnəsi nəinki aşağı enmədi, əksinə sürətlə bahalaşmaya doğru getdi.
4. Qarabağda 2015-lə müqayisədə daha böyük və uzunmüddətli döyüşlər gedəcək. Lakin hansısa ərazinin azad olunacağı gözlənilmir. Üstünlük bizim tərəfimizdə olacaq.
- Doğru çıxdı. Aprelin 2-də başlayan hərbi əməliyyatlar 22 illik atəşkəs dövrünün ən böyük döyüşü oldu. Hər iki tərəfdən yüzdən artıq tələfat oldu. Bir neçə strateji yüksəklik ələ keçirilsə də, hansısa yaşayış məntəqəsi əldə edilmədi.
5. Qida zəhərlənmələrinin sayı artacaq.
- Doğru çıxdı. 2016-cı ildə fərdi və kütləvi zəhərlənmə halları bütün medianın baş xəbərlərinə çevrildi. Statistik məlumatda da bildirildiyi kimi bu il Azərbaycanda 800-dən çox insan təkcə dərmandan zəhərlənib.
6. 2016-cı ildə Eldar Mahmudov kimi hay-küylü olmasa da, vəzifəsini itirən, komitə sədri və ya nazir səviyyəsində tanınmış məmurlar olacaq. Hətta onlardan ikisini “yerindənqopmaz” da adlandırmaq olar.
- Bu proqnoz hələ ki, özünü doğrultmayıb. İl ərzində müxtəlif məmurların adları hallandırılsa da, istefaya göndərilən olmadı.
7. Bu il prezident İlham Əliyevdən də sensasion gedişlər görəcəyik. El dili ilə desək, sanki həmişə susan dövlət başçısı bu dəfə dillənəcək.
- Düz çıxdı. Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi, aprel döyüşləri və referendumun keçirilməsi buna bir neçə misaldır. Üstəlik, Azərbaycanı neftdən asılılıqdan qurtarmaq üçün şəxsi təşəbbüsü ilə kifayət qədər addımlar atdı.
8. 3-cü Dünya müharibəsi olmayacaq.
- Doğru çıxdı. Az qala bütün qitələrdə hərbi münaqişə və terrorlar baş qaldırsa da, qlobal müharibə, dünya gücləri arasında savaş baş vermədi.
9. Türkiyə-Rusiya münasibətlərində gərginlik davam etsə də, hər hansı müharibə ehtimalı yoxdur.
- Qismən özünü doğrultdu. Ötən ilin sonlarında vəziyyət o qədər kritik idi ki, dünya siyasətçiləri bu iki ölkə arasında müharibənin qaçılmaz olduğunu bildirirdi. Lakin bu baş vermədi. Əksinə, ilin ikinci yarısından, xüsusən də 15 iyul çevrilişə cəhd olayından sonra Rusiya və Türkiyə arasında buzlar əridi, demək olar ki, mövqeləri eyniləşdi.
10. Dünya ölkələrində çoxsaylı hakimiyyət dəyişikliyinin şahidi olacağıq.
- Doğru çıxdı. Özbəkistanda Şövkət Mirzəyev, ABŞ-da Donald Tramp, Bolqarıstanda Rumen Radev, Nikaraquada Daniel Orteqa, Moldovada İqor Dodon, Kosovoda Haşim Taçı, Estoniyada Kersti Kalyulayd yeni prezidentlər oldular. Peruda da yeni ölkə başçısı seçildi. Bundan başqa Qırğızıstanda koalision hökumət yaradıldı, İnquşetiya hökuməti yeniləndi, Xorvatiya parlamenti özünü buraxdı, Yəməndə Milli Qurtuluş Hökuməti quruldu, Estoniya parlamenti baş naziri istefaya göndərdi, Nepal və Makedoniyanın baş naziri istefa verdi, İnqliş Yeni Zelandiyada baş nazir oldu, Braziliya, Cənubi Koreya və Venesuela parlamentləri prezidentin impiçmentinin lehinə səs verdi.
11. Vladimir Putin hakimiyyətdən getməyəcək.
- Doğru çıxdı. İlin əvvəlində istefa ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, bu, baş vermədi.
12. İlin ən gərgin ərəfəsi fevralın ortasına qədər və iyul-sentyabr arası olacaq.
- Doğru çıxdı. Məhz fevralda dünyanı idarə edən güclər açıq və gizli toplantılar keçirərək konkret hədəfləri seçdilər. İŞİD-ə qarşı kəskin hücumdan tutmuş Rusiyanın çökdürülməsinə qədər bütün planların icrasına qərar verildi. Fevralın ən dəhşətli hadisələrindən biri də "Boko Haram" terrorçularının hücumları nəticəsində Kamerunda bir gündə 1098 nəfərin həlak olması idi. Bundan başqa Səudiyyə Ərəbistanının şiə alimi Şeyx Nimr və onlarla digər alimi edam etməsi müharibə həddinə qədər gətirib çıxardı.
Dünya maliyyə böhranı ilə əlaqədar fevralın ilk həftəsində dünyanın 400 ən zəngin insanı 194 milyard dollar itirdi.
İyul-avqust aralığı da gərgin keçdi. Şimali Koreya ballistik raketin atışını həyata keçirdi, eyni zamanda ABŞ-ı nüvə silahı ilə təhdid etdi, İsrail ordusu Suriya torpaqlarına hücum etdi, Türkiyədə dövlət çevrilişinə cəhd oldu və bu, Azərbaycana da ciddi təsirlərini göstərdi. Ermənistanda da dövlət çevrilişinə cəhd olundu, keçmiş Qarabağ döyüşçüsü Jirayr Səfilyan tutuldu. Nigeriyada 200 qaçqın aclıq və susuzluqdan öldü, Misirin sabiq prezidenti Hüsnü Mübarəkə ömürlük həbs cəzası verildi, ANS-in yayımı dayandırıldı, Livan İŞİD-ə, İŞİD isə Rusiyaya müharibə elan etdi, Fransada terror olayları və uzunmüddətli fövqəladə vəziyyət rejimi deyilənlərə sübutdur. İŞİD-in çökdürülmə prosesi də məhz iyul-avqust ayından start götürdü.
13. Meymun ili ən dəhşətli terror və sensasiyalı sui-qəsdlərlə yadda qalacaq, az qala hər ölkədə terror olacaq.
- Doğru çıxdı. 2016-cı il daha çox terrorla yadda qaldı. Suriya, Əfqanıstan, Somali, İraq, Suriya, Nigeriya, Liviya, Türkiyə, Çakarta, Konqo, Hindistan, Pakistan, Yəmən, Qazaxıstan, Gürcüstan, Ukrayna, Çin, Fransa, Misir, Belçika, İsrail, Vyetnam, Braziliya və Mozambikdə törədilən terror nəticəsində xeyli sayda insan öldü. İlin ən dəhşətli terroru isə 1098 nəfər itki ilə Kamerunda baş verdi. Bu yaxınlarda isə Rusiyanın Türkiyədəki səfiri isə sui-qəsd nəticəsində öldü.
14. Afrikada, Orta Asiyada siyasi gərginlik baş qaldıracaq.
- Doğru çıxdı. Əksər Afrika ölkəsi “Boko-Haram” terror qruplaşması ilə açıq müharibəyə başladı, bir neçəsi isə bu qruplaşma ilə danışıq masasına oturdu. Yəməndə və Misirdə ilin sonuna qədər gərginlik davam etdi, hökumətdə ciddi böhran yarandı. Ərəb Dövlətləri Liqasının “Hizbullah”ı terror qruplaşması kimi tanıması, həmçinin Bəhreyn rejiminin cümə namazlarının qılınmasını qadağan etməsi da gərginlik yaratdı. Efiopiyada daha qanlı hadisələr oldu, etiraza çıxan aksiyaçılara atəş açılması nəticəsində yüzlərlə insan öldü. Orta Asiyada da bu vaxta qədər olmayan gərginlik hökm sürdü. Qazaxıstanda silahlı münaqişə və çevrilişə cəhdlər olundu, 13 terrorçu qətlə yetirildi. Özbəkistanda prezident İslam Kərimovun vəfatı qısamüddətli siyasi gərginlik yaratsa da, Rusiyanın sərt müdaxiləsi sayəsində sakitləşdirildi. Qırğızıstanda isə gərginlik koalisiyon hökumətin yaranması ilə sona çatdı.
15. Neftlə bağlı narahatçılıqların aradan qalxma ehtimalı aşağıdır. Ola bilər ki, ilin ikinci yarısında qiymətlərin enib-qalxma prosesi sabitləşəcək.
- Doğru çıxdı. İlboyu neftlə bağlı gərginlik qaldı. İlin ikinci yarısından isə qismən sabitləşmə baş verdi, hətta neftin qiymətlərində bir qədər yüksəliş hiss olundu.
16. İŞİD terror təşkilatı mart ayından başlayaraq silsilə məğlubiyyətlərə tuş gələcək. Buna baxmayaraq, onlar öz fəaliyyətlərini səyyar şəkildə və müxtəlif ölkələrdə davam etdirəcəklər.
- Doğru çıxdı. İraq və Suriyada başlanan əməliyyatlar İŞİD-i böyük məğlubiyyət və itkilərlə müşayiət etdi, 15 mindən çox terrorçu öldürüldü. Təşkilatın məşhur simaları – “neft naziri”, “xəzinədar”ı, Əl Bağdadinin müavini, həmçinin 7 vacib komandiri öldürüldü. Son anda Mosula və Hələbə toplaşan terrorçular oradan da qovuldular. İraq və Suriyada tab gətirməyən İŞİD Əfqanıstanda, Liviyada, Livanda müxtəlif strateji obyektləri ələ keçirərək güclənməyə çalışdılar, lakin orada da böyük məğlubiyyətlə üzləşdilər. Buna baxmayaraq, terror təşkilatı Dərbənddə, Moskva vilayətində, Avropa ölkələrində böyük terror hücumları həyata keçirdilər. İlin ikinci yarısından isə Türkiyə və İraq ordusu, həmçinin Rusiya aviasiyası, Livan və koalisiyon qüvvələr demək olar ki, İŞİD-i darmadağın etməyə başladılar. Proses hələ də davam edir.
17. Bu il Şərqin alovu sürətlə Qərbə keçəcək, Avropa ölkələrində ciddi problemlər yaranacaq.
- Doğru çıxdı. Suriya və İraqdan onminlərlə qaçqının inkişaf etmiş Avropa ölkələrinə axını böyük gərginliyin başlanğıcı oldu. Bir çox ölkələrdə qarşıdurmalar pik həddə çatdı. Qaçqınların tərkibində xeyli sayda terrorçular da Qərbə səpələndilər. Bundan başqa Türkiyədə, Fransada, Belçikada və Almaniyada İŞİD tərəfindən törədilən dəhşətli terror olayları gərginliyi daha da artırdı. Dekabrın əvvəllərində bütün ölkələrə İŞİD-in Avropada kimyəvi terror törədə biləcəyi barədə xəbərdarlıq da edildi.
18. İl ərzində hərbi bazalarda, elmi mərkəzlərdə partlayışlar da istisna olunmur.
- Doğru çıxdı. İl ərzində Hindistanda sursat anbarında (17 ölü), Liviyada silah anbarında (29 ölü), Çində kimya zavodunda (21 ölü), Banqladeşdə zavodda (29 ölü), Meksikada neft emalı zavodunda (24 ölü) partlayış baş verdi. Təəssüf ki, bu hal Azərbaycandan da yan keçmədi. Belə ki, Şirvan şəhərindəki hərbi zavodda baş verən partlayış nəticəsində iki soydaşımız da həlak oldu.
19. Şimali Koreya prezidentinə qarşı iki dəfə sui-qəsd olacaq.
- Doğru çıxdı. Aprel ayında ABŞ xüsusi xidmət orqanlarının belə bir cəhdi uğursuzluqla nəticələndi. Dekabrda dünya mediası daha bir sui-qəsd planının boşa çıxması barədə məlumat yaydı.
20. 2016-cı ildə də Bəşər Əsəd Suriyanın prezidenti olacaq.
- Doğru çıxdı. İlboyu böyük təzyiq və hərbi müdaxilələrə baxmayaraq, Bəşər Əsəd hakimiyyətdən getmədi.
Nəticə: 20 proqnozdan 18-i tam, 1-i qismən özünü doğrultdu. Yalnız 1 proqnoz gerçəkləşməyib.
1news.az