Bakıxanov qəsəbəsi, Ərəblinka adlanan ərazinin sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, 66 nömrəli marşrutun hərəkət istiqamətində dəyişiklik edilməsi nəzərdə tutulub.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən qeyd edilən ərazidə müvafiq araşdırma aparılıb və müəyyən olunub ki, 66 nömrəli marşrut xətti Qaraçuxur qəsəbəsi istiqamətinə hərəkət edərkən Nazim İsmayılov küçəsi (Ərəblinka yaşayış sahəsi), əks istiqamətinə isə Zaur Şərifov küçəsi - Gənclik prospekti ilə hərəkət edir. Həmçinin Nazim İsmayılov küçəsi ilə metronun “Neftçilər” stansiyası istiqamətinə heç bir müntəzəm sərnişindaşıma marşrutu hərəkət etmədiyi üçün bu da sakinlərin haqlı narazılıqlarına səbəb olur.
M.Ağayevin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən aparılan təhlilləri nəzərə alaraq, Nazim İsmayılov (Ərəblinka yaşayış sahəsi) və Zaur Şərifov küçələrinin sakinlərinin müntəzəm sərnişindaşıma marşrutundan istifadə etmələri üçün 66 nömrəli marşrutun hərəkət istiqamətində dəyişiklik edilərək sxemdə göstərildiyi qaydada Zaur Şərifov küçəsindən Cəlal Qurbanov küçəsinə dönərək oradan isə geriyə Zaur Şərifov küçəsi, Nazim İsmayılov küçəsi və Şamil Kamilov küçəsi ilə hərəkət etməsini məqsədəuyğun hesab edilir.
Gənclik prospekti ilə alternativ olaraq 55 və 81 nömrəli müntəzəm marşrutlar hərəkət etdiyi üçün həmin ərazinin sakinləri qeyd edilən marşrut xətlərindən istifadə edə bilərlər.
Həmçinin yaxın zamanda avtobusların dayanması üçün Cəlal Qurbanov küçəsində dayanacaq məntəqəsinin yaradılaraq 5.12 yol nişanının və digər yol-hərəkət nişanlarının quraşdırılması nəzərdə tutulub.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sərnişinlərin nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən məlumatlandırmaq məqsədilə Bakı Nəqliyyat Agentliyi bildirir ki, 66 nömrəli marşrut xətti üzrə avtobuslar yanvarın 3-dən test rejimində yeni sxem üzrə hərəkət edəcək. Test rejimi müddətində sərnişinlərin sözügedən dəyişikliklə bağlı hər hansı bir narazılığı olmayacağı halda, bu hərəkət sxemi təsdiq ediləcək.
1news.az