Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 dekabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Komitədən 1news.az-a verilən məlumata görə, hərracda ümumilikdə 20 dövlət əmlakı olmaqla, 1 səhmdar cəmiyyəti, 14 istifadəsiz qeyri-yaşayış sahəsi və kiçik dövlət müəssisəsi, eləcə də 5 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hərracda satılmış kiçik dövlət müəssisəsi Gəncə şəhəri, kəpəz rayonunda yerləşən 129 kv.m. sahəsi olan 130 saylı mağazadır. Özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 11-i Bakıda, 1-i Yevlaxda, digəri isə İsmayıllıda yerləşir. Paytaxtın Nəsimi, Yasamal, Nərimanov, Nizami və Xətai rayonlarında yerləşən obyektlərin sahəsi əsasən 20 kv.m.-dən 100 kv.m.-dəkdir. Ən böyük sahəyə malik obyekt isə Yevlaxda yerləşən və 185,5 kv.m. sahəsi olan qeyri-yaşayış obyektidir.
Bu dəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Belə ki, adıçəkilən əmlak 70 min manata özəlləşdirilib. Yevlaxda yerləşən qeyri-yaşayış sahəsi isə 46 min 500 manata satılıb. Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı nəqliyyat vasitəsinin sahibi olub.
“Cəlilabad Taxıl” açıq səhmdar cəmiyyətinin satışı üzrə də hərrac rəqabətli olub. Bu isə onun göstəricisidir ki, regionlarda yerləşən səhmdar cəmiyyətlərinin özəlləşdirilməsinə maraq böyükdür. Belə iri müəssisələrin özəlləşdirilməsi regionlarda kənd təsərrüfatı sahəsinin inkişafına da böyük dəstəkdir.
Hərracda satılan kiçik müəssisələr və istifadəsiz qeyri-yaşayış sahələri kiçik və orta həcmli sahibkarlıq fəaliyyəti baxımından əlverişlidir. Özəlləşdirilmiş belə əmlaklar sonradan sahibləri tərəfindən rahat şəkildə gəlir mənbəyinə çevrilir. Özəlləşdirilən obyekt və qeyri-yaşayış sahələrinin sonradan məişət, qida, təmir və digər sahələrdə biznes fəaliyyəti üçün istifadə ediləcək. Eyni zamanda, belə daşınmaz əmlaklara dair hərracdan qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış da təqdim olunur.
Qeyd edək ki, komitə 14 sentyabr tarixindən etibarən açıq hərraclar keçirir və indiyədək 12 belə hərrac keçirilib. Hərraclara müxtəlif çeşiddə 700-ə yaxın dövlət əmlakı çıxarılıb. Bununla yanaşı, məlum olduğu kimi, ölkə prezidentinin 19 iyul 2016-cı il tarixli Fərmanına əsasən Nazirlər Kabineti tərəfindən yeni dövlət müəssisələrinin özəlləşməyə açılması ilə bağlı Sərəncam da verilib. Ümumilikdə 352 yeni dövlət müəssisə və obyekti özəlləşməyə açılıb.
Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.
Hərracda media nümayəndəsi və istənilən vətəndaş rahat şəkildə iştirak edib prosesi müşahidə edə bilir. Eyni zamanda, müasir texnologiyalar sayəsində böyük monitorlarda regionlarda keçirilən hərraclar da izlənilir.
Komitədən bildiriblər ki, tamamilə şəffaf, rahat və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilən belə hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır.
1news.az