Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edilib.
1news.az-ın məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsində vergilər naziri Fazil Məmmədov vergi sistemindəki yeniliklərdən danışarkən deyib.
Nazirin sözlərinə görə, son dəyişikliklərin əsas məqsədi və hədəfi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.
Dəyişikliklər zərfinin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində, qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi, biznesi təmsil edən təşkilatların və sahibkarların ictimai birliklərinin təkliflərinin müzakirəsi əsasında hazırlandığını deyən F.Məmmədov bildirib ki, bütövlükdə Vergi Məcəlləsinə 201 dəyişiklik edilib.
Məcəlləyə 115 yeni maddə əlavə edilib, 83 maddəyə dəyişiklik edilib, 3 maddə isə ləğv olunub. Dəyişiklikləri qruplaşdırsaq, 123 maddə vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34 maddə vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə isə vergi yükünün azaldılması və ya vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.
Ölkə Prezidentinin fərman və sərəncamları ilə yaradılan icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirləri mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışı, buğda unu və çörəyin istehsalı və satışı, quş ətinin satışı isə 3 il müddətində ƏDV-dən azad edilib.
Bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.
Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 7 ilə qədər - 2023-cü ilin fevral ayınadək uzadılıb.
Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddətləri də qısaldılıb.
Nazirin sözlərinə görə, bu azadolmalar və dəyişikliklər vergiödəyicilərinin vergi yükünün azaldılmasına, dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacaq, sahibkarlığın inkişafına dəstək verəcək və nəticələr son istehlakçıya yönəldiyindən sosial əhəmiyyət daşıyacaq.
F.Məmmədov Vergi Məcəlləsinə edilən dəyişikliklərin vergidən yayınma hallarının azalmasına gətibi çıxaracağına əminliyini də ifadə edib:
“Araşdırmalar göstərir ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində vergidən yayınma hallarına hələ də rast gəlinir. Bu, özünü bəzi sahibkarların vergi orqanlarında qeydiyyatdan keçməməsində, uçot-məlumat bazasının düzgün aparılmaması və yaranmış vergi öhdəliklərinin düzgün göstərilməməsində, vergiödəyicilərinin mənfəətinin minimallaşdırılması məqsədilə müxtəlif metodların tətbiqində, vergi yükü aşağı olan ofşor zonalarda qeydiyyatdan keçməklə vergilərin yayındırılmasında, büdcəyə vergilərin tam və vaxtında ödənilməməsində və s. formalarda göstərir.
Vergi islahatlarına dair yeni istiqamətlər məhz bu sahələrdə vergi nəzarətinin gücləndirilməsini, bəzi hallarda isə (məsələn, elektron ticarətdə) vergi nəzarətinin yenidən qurulmasını nəzərdə tutur. Rezident vergiödəyicilərinin ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı (ofşor) hesab edilən ərazilərdə təsis edilmiş vergiödəyiciləri ilə apardıqları əməliyyatlara nəzarətin təmin edilməsi məqsədilə belə gəlirlərə transfer qiymətlərinin tətbiq edilməsi nəzərdə tutulur”.
1news.az