Cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 1 milyon 925 min 253 dəfə müraciət edilib ki, bu da ötən ilin eyni dövrü ilə 5,3 faiz çoxdur.
1news.az-ın məlumatına görə, sistemdə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsinin müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməsi “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə yerinə yetirilir. Həmin e-xidmətdən istifadə sayında artım dinamikası cari ildə də davam edib. Belə ki, bu ilin 11 ayında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə ötən ilin müvafiq dövrünə nisbətən 33,7 faiz çox, yəni 1 759 188 dəfə müraciət edilib.
Yaxud ötən ay bu e-xidmətdən istifadə sayı cari ilin sentyabr ayı ilə müqayisədə 34,1 faiz, oktyabr ayı ilə müqayisədə isə 18,1 faiz çoxalaraq 190 090- a çatıb.
Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi işçilərə onlarla bağlı əmək müqaviləsi bildirişləri barədə məlumatların real vaxt rejimində əldə edilməsi imkanı da verir. Bu məqsədlə fəaliyyət göstərən “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti «Elektron hökumət» portalında ən çox müraciət olunan e-xidmətlər sırasındadır. Cari ilin 11 ayında vətəndaşlar həmin e-xidmətdən 166 065 dəfə faydalanıblar.
Ölkəmizdə əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqinə 2014-cü ilin iyul ayından başlanılıb və cari ilin 01 dekabr tarixinə qədər əhali bu sistemdən 6,4 milyon dəfə istifadə edib.
1news.az