Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 yanvar 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib.
Komitədən 1news.az-a verilən məlumata görə, hərraca ümumilikdə 60 əmlak olmaqla 20 səhmdar cəmiyyəti, 17 kiçik dövlət müəssisə və obyekti, 17 istifadəsiz qeyri-yaşayış sahəsi, 6 nəqliyyat vasitəsilə çıxarılıb.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtın Sabunçu rayonu, Sumqayıt, Gəncə şəhəri, Ağsu, Daşkəsən, Lənkəran və digər rayonlarda, istifadəsiz qeyri-yaşayış sahələrinin isə 16-sı Bakıda, 1-i Astarada yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlaklar Zaqatala Barama Toxumu Zavodu, Sumqayıtda 22 saylı mağaza, “Çinar” Soyuducular zavodunun Şəmkir filialıdır. bu əmlaklar müvafiq olaraq 567 min 500 manat, 435 min 714 manat və 300 min manata təklif olunur. Belə əmlaklar sırasında 184 min manata hərraca çıxarılan Lənkərandakı 2 saylı yanacaqdoldurma məntəqəsi və Daşkəsəndəki Yardımçı təsərrüfat da var.
Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Ağdaş Quşçuluq”, “Beyləqan Sənaye Kombinatı”, “Goranboy Aqrotexservis”, “Sabirabad Təmir-tikinti”, “Salyan broyler” kimi müəssisələr var.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
1news.az