Bakının bir neçə rayonunda və Sumqayıtda Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi Yeni il yarmarkaları dekabrın 24-dən etibarən işə başlayıb.
1news.az musavat.com-a istinadən xəbər verir ki, bu yarmarkaları təşkil etməkdə məqsəd əhalinin bayram öncəsi ərzaq mallarına artan tələbatını ödəmək və bazarda qiymətlərin qalxmasını önləməkdir.
Yarmarklarda vəziyyəti, əhalinin alıcılıq qabiliyyətini, qiymətlərin bazarlara nisbətən nə qədər sərfəli olduğunu öyrənmək üçün "Yeni Müsavat"ın müxbiri Xətai rayonunda, “Bakı” kinoteatrı yaxınlığında təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına baş çəkib.
Qeyd edək ki, yarmarkanın uzunluğu 500 metrə yaxın məsafəni əhatə edir. Küçənin girişindən etibarən yük maşınlarında müxtəlif növ meyvə-tərəvəz və ət məhsulları düzülüb. İlk baxışdan yarmarkaya əhalinin marağının böyük olduğu nəzərə çarpır. Piştaxtaların arasında alıcı sıxlığından hərəkət etmək çətindir. İnsan sayı çox olsa da, söhbət etdiyimiz satıcılar alıcılığın zəif olmasından şikayətlənirlər. Həqiqətən də bazarda gəzən alıcıların əlindəki zənbillərdən çox az alış-veriş etdikləri nəzərə çarpır. Alıcılar bunun səbəbini qiymətlərin adi günlərə nisbətən baha olmasında görürlər. Belə ki, hər məhsulda ən azı 15-20 faiz bahalaşma var.
Burada tərəvəz məhsullarının qiyməti paytaxtın iri kənd təsərrüfatı satışı mərkəzləri – “Yaşıl bazar”, “8-ci kilometr bazarı” ilə fərqlənmir. Hətta bəzi məhsullar oradakından bahadır.
Yarmarkada gündəlik tələbat məhsullarından kartofun kiloqramı 70 qəpik- 1 manat, soğanın kiloqramı isə 40 qəpikdir. Digər bazarlarda 30-35 qəpiyə satılan kələmin kiloqramı isə 50 qəpikdən təklif olunur. Həmçinin kök və çuğundurun qiymətində də 30-40 qəpik artım var. Belə ki, burada kökün kiloqramı 1 manata təklif olunur. Mövsümi məhsullarından olan ağ turpun kiloqramı 80 qəpikdir. Gül kələmi isə 1.50 qəpiyədir. Pomidor və xiyarın qiyməti 3 manatın ətrafında dəyişir, bibər isə ədədlə, 4-ü 1 manata satılır. Göbələyin kiloqramı isə 2.50 manatdır.
Meyvələrdən almanın kiloqramı 70 qəpikdən başlayır və 2 manata kimi yüksəlir. Narın kiloqramı 1.5- 4 manat arasında dəyişir. Narınginin kiloqramı 1-1.50 manat, portağal 1.5-3 manat arasındadır. Heyvanın kiloqramı 1 manata, pırnıq (xurma) 50 qəpik, banan 2.30 manat, üzüm 3 manatdır, limonun 3-ü 1 manata satılır.
Qərzəkli məhsullardan qoz, fındıq və şabalıdın kiloqramı 6 manatadır. Ləpələrdən qoz ləpəsinin kiloqramı 17-20 manat, badam 20 manat, fındıq 16 manatdır.
Ağartı məhsullarından pendir 4-5 manat, şor 1.5-2 manata, kəmik 3 manata təklif olunur. Südün litri 1 manata satılır. Mal və qoyun əti yarmarkada qəssablardan daha ucuz təklif olunur. İlk dəfə olaraq mal əti bahalaşaraq qoyun ətini keçib; qoyun ətinin kiloqramı 7, mal ətinin kiloqramı isə 8 manata satılır.
Kənd toyuğu adı altında satılan quş əti 5 manatdır. Hind quşu və qaz isə diri şəkildə 25-30 manata təklif olunur. Yumurtanın qiyməti də bahalaşıb. Kənd yumurtası 30 qəpiyə, fabrik yumurtası 17 qəpiyə təklif olunur. Bazarda yalnız bir yerdə yumurta satışına rast gəldik. Kənd yumurtasının da qıtlığı hiss olunurdu.
Balıq ətinin kiloqramı isə növündən asılı olaraq 4 manatdan 15 manata kimidir.
Bazarda quş əti, balıq və ağartı məhsullarının satışında antisanitar qaydalar demək olar ki, gözlənilmir. Bir çox piştaxtaların üstündə açıq şəkildə qoyulmuş hind quşu ətinə rast gəldik. Ağartı məhsulları da açıq şəkildə düzülüb. Küləkli hava yolun toz-torpağını, maşınların tüstüsünü bu məhsulların üzərinə sovururdu.
Qeyd edək ki, bazarda ən çox sarımsaq bahalaşıb. Kiloqramı 10 manata qalxan sarımsaq ədədlə 50 qəpiyə satılır. Göyərtilərin qiyməti 20 qəpik olaraq dəyişməz qalsa da, dəstəsi ciddi şəkildə "devalvasiyaya" uğrayıb. Bunu göyərti alan alıcılarla satıcı arasındakı mübahisə də göstərdi. Alıcılar göy dəstələrinin həddindən artıq kiçik olmasına etiraz edirdilər.
Bazarda bir neçə alıcı ilə söhbətləşdik. Onlar büdcələrinin məhdud olması səbəbindən çox qənaətlə bazarlıq etdiklərini və qiymətlərin də baha olduğunu bildirdilər. Onları narazı salan digər məqam isə məhsulun üzərində qiymətin olmamasıdır. Satıcılar isə deyir ki, alıcılıq səviyyəsindən asılı olaraq qiymətləri dəyişirlər. Bazarda alıcılıq zəif olanda qiyməti endirirlər ki, məhsul əllərində qalıb xarab olmasın.
Onu da vurğulamaq lazımdır ki, bu yarmarkada iştirak edən satıcıların heç də hamısı rayonlardan gəlməyib. Bəziləri Bakı bazarlarında işləyən satıcılardır ki, müxtəlif yollarla yarmarkada yer tuturlar.
Həyat yoldaşı ilə birgə Astara rayonundan sitrus meyvələr gətirib yarmarkada satan Ağakişi Həsənov dedi ki, həmin satıcılar xaricdən gətirilən ucuz meyvələri bazara daşıdığı üçün yerli məhsullar rəqabətə tab gətirmir və satılmır:
"Mən Astara rayonundan gəlmişəm, icra hakimiyyətindən faks göndərilib və mənə burada yer veriblər. Mən 1 ton məhsul gətirmək istəyirdim. Lakin icradan bildirdilər ki, ən azı 3-4 ton məhsul aparmalısan. Mən də tələb olunan qədər narıngi və portağal gətirdim. Ancaq təəssüf ki, sata bilmirəm. Alıcılıq çox olsa mən narınginin kiloqramını 80 qəpikdən verib hamısını sataram. Ancaq alıcılıq azdır deyə 1.3 manat qoymuşam ki, burada dayanmağımın əziyyətinə dəysin. Bizə mane olan yerli satıcılardır. Onlar topdansatış mərkəzlərindən xaricdən gətirilən ucuz meyvəni gətirib bazarı doldurublar. Alıcıları da bizim əlimizdən alıblar".
Qeyd edək ki, bazarda Yeni il süfrəsi üçün lazım olan hər növ meyvə-tərəvəz, ət və ağartı məhsullarını, ədviyyatları əldə etmək mümkündür. O baxımdan paytaxt sakinləri yerli və təmiz məhsul almaq üçün buraya üz tuta bilərlər.
1news.az