Şirvan Milli Parkı rəhbərliyinin 23 dekabr tarixində apardığı daxili araşdırma nəticəsində mühafizə yegeri Səyyar Nəcəfov tərəfindən bir baş ceyranın tutularaq həyətyanı sahəsində gizlədilməsi faktı barədə şübhələr yaranıb.
1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, həmin şəxsin əhatə dairəsinin müəyyənləşdirilməsi, tutulan ceyranın satılmasının qarşısını almaq və kömək məqsədi ilə dərhal Milli Park tərəfindən Salyan rayon Polis Şöbəsinə məlumat verilib.
Verilmiş məlumat əsasında 24 dekabr 2016-cı il tarixində Salyan rayon Polis Şöbəsi əməkdaşları Şirvan Milli Parkının işçiləri ilə birgə əməliyyat tədbirləri həyata keçirib. Şərti alıcının cəlb edilməsi ilə keçirilən əməliyyat nəticəsində Şirvan Milli Parkının mühafizə yegeri Nəcəfov Səyyar Vəlixan oğlunun və gözətçi Ağasıyev İntiqam İsmayıl oğlunun həyətyani sahələrindən bir baş diri ceyran, müxtəlif vaxtlarda ovlanmış və aşılanmış bir neçə ədəd ceyran dərisi və buynuzu aşkar olunub. İlkin araşdırmalar zamanı bu cinayətin törədilməsində Parkın digər əməkdaşı – gözətçi Rzayev İslam İrza oğlunun da iştirakı üzə çıxarılıb və bununla bağlı maddi sübutlar götürülüb.
Nazirlikdən bildirilib ki, baş vermiş hadisənin nəzarətə götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilib. Hazırda Salyan Rayon Polis Şöbəsi tərəfindən istintaq işləri, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidməti araşdırmalar aparılır.
Məlumat üçün bildiririk ki, Şirvan Milli Parkının ərazisində noyabr ayında “Ceyranların tarixi areallarına reintroduksiyası” layihəsi çərçivəsində növbəti dəfə ceyran fərdlərinin tutulması işi həyata keçirilərkən ərazidən ceyranların qanunsuz tutularaq oğurlanması barədə şübəhələr yaranıb və Milli park tərəfindən bu istiqamətdə müvafiq araşdırmalara başlanılıb.
Bir fakt da təəssüflə qeyd olanmalıdır ki, mühafizə yegerlərinin milli parklara işə götürülməsi zamanı yaxın ərazidə yaşamaları ilk növbədə nəzərə alınır və bu səbəbdən də onların tam olaraq ciddi yoxlanılması həyata keçirilmir. Bu da belə xoşagəlməz nəticələrə səbəb olur.
1news.az