Doğum günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovun məktubunda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Əlamətdar yubileyiniz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.
Siz dünya birliyinin gözündə müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin möhkəm əsasını qoymuş dahi atanızın işinin layiqli davamçısısınız. Azərbaycanın davamlı inkişafı ilə bağlı irimiqyaslı məsələlərin müvəffəqiyyətlə həlli, firavan və sürətlə tərəqqi edən dövlətlərdən biri kimi beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi Sizin adınızla bağlıdır. Əminəm ki, Rusiyanı və qardaş Azərbaycanı birləşdirən sıx qarşılıqlı faydalı və humanitar əlaqələr bundan sonra da inkişaf edəcək.
Bu əlamətdar gündə Sizə insanları cəlb edən, dostlarınızın, silahdaşlarınızın və məsləkdaşlarınızın çevrəsini genişləndirən quruculuq enerjinizi hələ uzun illər qoruyub saxlamağı, habelə xalqınıza xidmət işində daha böyük uğurlar, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm”.
Bundan başqa Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakov, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrell, “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller, Sloveniyanın Lyublyana şəhərinin meri Zoran Yankoviç, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev, Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev də doğum günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər.
1news.az