Dövlət Sərhəd Xidmətində (DSX) 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
1news.az-a DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, xidmətin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edərək hərbi hissə və struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2017-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqlar barədə danışıb.
Qeyd olunub ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2016-cı il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub.
Dövlət sərhədlərinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iyun ayının 13-də DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu"nda inşası yekunlaşıb “Tufan” tipli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən itisürətli qayıqlarla tanış olması, dəniz sərhədlərinin və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, avqust ayının 10-da Şəki sərhəd dəstəsinin “Laza” sərhəd zastavasına baxış keçirməsi, DSX-nin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi üzrə qərarlar verməsi, DSX Akademiyasının Nizamnaməsini təsdiq etməsi, DSX-nin komandanlığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını 5 orden, 50 medalla, 2 fəxri adla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
1news.az