Bundan sonra da Azərbaycanda idmanın, Olimpiya hərəkatının uğurlu inkişafı daim diqqət mərkəzində olacaq.
1news.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev dekabrın 23-də Milli Olimpiya Komitəsində 2016-cı ilə yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.
Azərbaycanın dünya miqyasında güclü idman dövləti kimi tanındığını deyən dövlət başçısı ildən ilə ölkəmizin uğurlarının artdığını vurğulayıb:
“Əgər Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artır. Yəni, bu, müsbət dinamikadır. Əslində dinamika hər bir məsələnin təhlili üçün əsas amildir. Biz daim inkişafdayıq. Əminəm ki, müsbət dinamika bundan sonra da davam edəcək, baxmayaraq ki, son Yay Olimpiya Oyunlarında qazandığımız nəticəni təkrarlamaq çətin olacaq. Bununla bərabər, mən yaxşı xatırlayıram ki, 2000-ci ildən sonra hər dəfə Yay Olimpiya Oyunlarına yekun vuraraq oxşar fikirlər səslənmişdir ki, böyük nəticə qazanılıb, bunu təkrar etmək çətin olacaq. Ancaq biz nəinki bu nəticələri oyunlardan-oyunlara təkrar etmişik, onları artırmışıq”.
Bu il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüzlərlə medal qazandığını diqqətə çatdıran İlham Əliyev bütün beynəlxalq idman tədbirlərində ölkəmizin ləyaqətlə təmsil olunduğunu söyləyib:
“Son illər ərzində çox güclü idmançılar nəsli yetişib. Gənclərimiz - müstəqillik dövründə doğulan, yetişən idmançılar bu gün şöhrətimizi yüksəklərə qaldırırlar. 2016-cı il ölkəmizin idman tarixində xüsusi yer tutacaq. İlk növbədə, ona görə ki, biz bu il Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmışıq. Bu Oyunlarda 200-dən çox ölkə iştirak edirdi. Azərbaycan medalların sayına görə bu ölkələr arasında 18-ci yerə layiq görülüb. Bu, böyük tarixi qələbədir. Bu, həm idmançılarımızın gücünü, eyni zamanda, dövlətimizin gücünü göstərir. Çünki ancaq inkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir və gözəl idman nəticələri vardır. Əgər yüksək yerləri tutan ölkələrin siyahısına baxsaq görərik ki, onların mütləq əksəriyyəti zəngin və inkişaf etmiş ölkələrdir. O ölkələrdir ki, onlarda dövlətçilik ənənələri çox böyükdür. Bizim isə cəmi 25 yaşımız var. Biz bu il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik və idmançılarımızın qələbəsi bu bayram günlərinə gözəl bir hədiyyə olmuşdur”.
Prezident İlham Əliyev idmançılarımızın 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunlarında əldə etdikləri uğurlardan da danışaraq bildirib ki, Rioda qazandığımız böyük qələbə, eyni zamanda, onu göstərir ki, ötən il Bakıda keçirilmiş Avropa Oyunlarında əldə etdiyimiz uğurlar təsadüfi deyildi:
“Biz o Oyunlarda da çox böyük nəticə göstərmişik, 56 medal qazanmışıq və komanda hesabında 2-ci yerə layiq görülmüşük. Rio Olimpiya Oyunlarının bir göstəricisini də diqqətinizə çatdırmaq istəyirəm. Biz bu Oyunlarda 56 idmançı ilə təmsil olunmuşuq və 18 medal qazanmışıq. Bu göstəriciyə görə biz iştirak etmiş bütün ölkələr arasında birinci yerdəyik.
Ötən il Bakıda keçirilmiş Avropa Oyunları bir daha idmanımızın inkişaf səviyyəsini göstərdi. Bir daha göstərdi ki, biz güclü dövlətik. Bu Oyunlarda çox gərgin mübarizədə bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq doğrudan da böyük qələbədir, böyük qəhrəmanlıqdır. Siz də yaxşı xatırlayırsınız, təbii ki, mən də. Bu Oyunlar ərəfəsində, Oyunlar zamanı və sonra Azərbaycana qarşı mərkəzləşmiş qaydada aparılan çirkin kampaniya da çalışırdı ki, bu Oyunlara ləkə vursun, bizim imkanlarımızı aşağılasın və idmançılarımızın qələbəsini təhrif etsin ki, Azərbaycan bu Oyunların keçirilməsi ilə məşğul olan ölkədir, ev sahibliyi edib, ona görə də yüksək nəticələrdir. Rio Yay Olimpiya Oyunlarında əldə edilmiş qələbə bax, bu çirkin şayiələrə növbəti bir tutarlı zərbədir. Biz həm keçən il yüksək idman nəticələri göstərdik, eyni zamanda, bu Oyunların keçirilməsi də bütün beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Mən bir çox Yay Olimpiya Oyunlarında olmuşam. Müqayisə edə bilərəm və bunu söyləyərkən bir daha demək istəyirəm ki, bizim təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil. Bir çox parametrlər üzrə bu Oyunlar Yay Olimpiya Oyunları üçün də nümunə ola bilər. Bilirəm ki, indi bizim təcrübəmizi öyrənirlər”.
Bu il ilk dəfə olaraq Bakıda Formula-1 yarışının keçirildiyini xatırladan dövlət başçısı bildirib ki, bu yarışın təşkili bir daha ölkəmizin qüdrətini göstərdi:
“Çünki Formula-1 yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik. Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb.
Elə ölkələr var ki, bu il o ölkələrdən Azərbaycana gələn turistlərin sayı 30-40 dəfə artıb və bu proses davam edir. Çünki bu gün Azərbaycan dünyada həm qüdrətli, eyni zamanda, ən müasir infrastruktura, ən gözəl xidmət sahələrinə malik, təhlükəsizlik təmin olunan ölkə kimi tanınır. Bax, bütün bu amillərin sintezi Azərbaycanı xarici turistlər üçün çox cəlbedici ölkəyə çevirib. Əgər biz gözəl iqlimimizi, gözəl mətbəximizi, tarixi abidələrimizi, 9 iqlim qurşağını əlavə etsək, bir daha görərik ki, biz doğrudan da xoşbəxt insanlarıq, belə gözəl ölkədə yaşayırıq və belə gözəl ölkəni daha da gözəlləşdiririk.
Ona görə Formula-1 yarışının əhəmiyyəti bundan sonra da illərlə özünü göstərəcək. Turizmdən gələn gəlir ölkə iqtisadiyyatını gücləndirir, yeni iş yerlərinin açılmasına xidmət göstərir və iqtisadi şaxələndirməni təmin edir”.
Prezident İlham Əliyev gələn il Bakıda təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarının da çox rəmzi məna daşıdığını bildirərək qeyd edib ki, bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa, həm İslam oyunlarının keçirilməsi bizim niyyətimizi göstərir. Çünki idman yarışları, o cümlədən Avropa Oyunları sadəcə olaraq idman tədbiri deyildi, bu, bir dostluq bayramı, həmrəylik təzahürü idi.
Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladan dövlət başçısı bildirib ki, il ərzində bir çox mötəbər tədbir keçirilib. İslam Oyunlarının, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha multikulturalizm ideyalarını təbliğ və tərənnüm edir:
“Əminəm ki, biz İslam Oyunlarını da ən yüksək səviyyədə keçirəcəyik, bizim təcrübəmiz var və Oyunların başlamasına təqribən 6 ay vaxt qalır. Demək olar ki, bütün əsas hazırlıq işləri görülübdür. Əlbəttə ki, bu Oyunlara sərf olunan xərclər çox aşağı səviyyədədir. Çünki bizim bütün infrastrukturumuz var, təşkilatçılıq qabiliyyətimiz yüksək səviyyədədir. Əminəm ki, bu yarışlarda iştirak edəcək idmançılar Bakıdan ən xoş təəssüratlarla ayrılacaqlar”.
Bu yaxınlarda Bakıda Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinə də diqqət çəkən İlham Əliyevin sözlərinə görə, bu da Yay Olimpiya Oyunlarından sonra ölkələrin sayına görə ikinci mötəbər tədbirdir.
Dövlət başçısı ölkəmizin ən mötəbər turnirləri keçirmək iqtidarında olduğunu da sözlərinə əlavə edib:
“Biz artıq dünyada bir idman mərkəzi kimi tanınırıq. Eyni zamanda, bəzi hallarda hansısa səbəblər üzündən əgər bir ölkədə çempionat, dünya çempionatı keçirə bilmirlərsə, Bakıya müraciət edirlər, - bu yaxınlarda belə bir hal olub, - və biz çox operativ şəkildə, heç bir əlavə hazırlıq görmədən o çempionatı Azərbaycanda keçirə bilərik. Yəni, bu beynəlxalq idman qurumları, beynəlxalq federasiyalar üçün də artıq bir real faktdır, bunu bilirlər. Əgər hər hansı bir yerdə problem varsa, onlar bilirlər ki, bizə müraciət edə bilərlər və biz əlbəttə ki, istənilən yarışı qısa müddət ərzində ən yüksək səviyyədə keçirə bilərik.
Bu, reallıqdır və bu reallığı biz özümüz yaratmışıq, heç kim bizə kömək etməyib. Əksinə, bütün bu illər ərzində bəzi anti-azərbaycan dairələri çalışırdılar ki, bizim uğurlarımıza kölgə salsınlar, bizi ləkələsinlər, bizə şər, böhtan atsınlar. Ancaq bunun heç bir təsiri olmamışdır. Çünki nəticə göz qabağındadır və Azərbaycan xalqı həmişə həmrəylik göstərib. Milli maraqlarımızın müdafiə edilməsində biz həmişə bir yerdəyik və bu ictimai dəstək əlbəttə ki, mənim işimi də asanlaşdırır. Biz istənilən məsələ ilə bağlı prinsipial mövqeyimizi həmişə ifadə edirik, deyirik. Biz haqq yolundayıq. İdman uğurlarımız, digər sahələrdəki uğurlar bunu göstərir”.
Əldə edilən uğurların əsasında idmançılarımızın və məşqçilərimizin peşəkarlığının və fədakarlığının dayandığını deyən Prezident, ölkəmizdə idmana dəstək və qayğının dövlət siyasəti olduğunu vurğulayıb:
“İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Bölgələrdə 40-dan çox müasir olimpiya idman kompleksi yaradılıbdır. Gələn il Abşeron və Ağcabədi rayonlarında iki olimpiya idman kompleksi açılmalıdır. Bir neçə idman kompleksinin tikintisi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın. İndi əksər şəhərlərimizdə bu imkanlar var, harada ki, yoxdur, orada da olacaq.
Biz idmanın kütləviliyini daim diqqət mərkəzində saxlamalıyıq. Çünki bizə, əlbəttə, idman nəticələri, qələbələr lazımdır. Eyni zamanda, bizə sağlam gənclər lazımdır. Hər bir gənc idmanla məşğul olmalıdır. Çalışmaq lazımdır ki, idmanla məşğul olmayan gənc qalmasın. Çünki idmanla məşğul olan hər bir insan öz həyatında, fiziki vəziyyətində, mənəvi-psixoloji durumunda bunun gözəl nəticələrini görür. İdmançılar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlamdırlar, vətənpərvərdirlər. Onlar Vətəni təbliğ edirlər. Onlar bizim səfirlərimizdir. Onlar Azərbaycan bayrağı altında çıxış edirlər. Ona görə onlarda vətənpərvərlik ruhu çox yüksəkdir, fiziki güc də var və bütün bölmələrdə uşaqların, yeniyetmələrin idmanla məşğul olması üçün tədbirlər görülür. Biz coğrafiyanı genişləndiririk və çalışmalıyıq ki, idmanla məşğul olmaq vərdişi kütləvi xarakter alsın.
Bu il artıq başa çatır. Bir daha qeyd etmək istəyirəm ki, bu il ərzində bizim çoxlu idman qələbələrimiz olubdur. Əminəm ki, idmançılar bizi gələn il də qələbələrlə sevindirəcəklər”.
1news.az