İki ilə yaxındır ki, təmirə bağlanan “Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyasının birinci baş yolu sərnişinlərin istifadəsinə verilib.
1news.az-ın məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, 1968-ci ildə istifadəyə verilmiş “Xətai” stansiyasının və ona bitişik tunellərin tikintisi hələ 1949-cu ildə başlanıb. Tunel geyimləri, eləcə də metronun fəaliyyəti üçün əhəmiyyətli olan avadanlıqlar bütün bu illər ərzində aqressiv geoloji və hidrogeoloji mühitin təsiri altında olub. Uzun müddət “Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət ancaq bir yolla - II yolla təşkil edildiyindən I yolda mövcud havalandırma səmərəsiz olub, həmçinin qatar yolunun hər iki tərəfdən bağlı, dalan tipli olması orada çuqun tunel geyiminin korroziyasının sürətlənməsinə səbəb olub. Məhz bunun nəticəsi olaraq həmin yolda sağlamlaşdırma və yenidənqurma işlərinin aparılmasına zərurət yaranıb.
Qeyd olunub ki, “Xətai” stansiyasının I baş yolunun, o cümlədən stansiyaya bitişik mənzil yolunun və dalan yollarının sağlamlaşdırılması işlərinə 2014-cü ilin sonlarında başlanılmışdır. Burada tunel geyimi xarici diametrləri müvafiq olaraq 6 m və 5,5 m olan çuqun tübinqlərdən və dəmir-beton bloklardan ibarətdir. Ötən müddət ərzində korroziyaya uğramış çuqun tunel geyimlərində sağlamlaşdırma işləri həyata keçirilib.
Stansiya kompleksi nəzərə alınmaqla ümumilikdə 830 kubmetr betonlama işləri görülüb. Sağlamlaşdırma işləri aparılan sahədə yolun üst quruluşu elementləri tamamilə dəyişdirilib, bütün kommunikasiya xətləri və buna müvafiq avadanlıqlar yenilənib.
Bundan əlavə, stansiyanin platforma hissəsində də təmir-bərpa işləri aparılıb. Stansiyanın orta zalında və platformada “Durlum “GmbH”” şirkəti tərəfindən korroziyaya davamlı özəl metal asma tavan, 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz olunub. İlk dəfə istifadə olunan bu materiallarla yanaşı bəzi hissələrdə mərmər-qranit örtükdən də istifadə edilib.
Ərazinin havalandırmasını həyata keçirən 26 saylı şaxtada gücləndirmə və təmir işləri aparılıb, avadanlıqlar yenilənib. Həmçinin 113 saylı şaxtada yeni havalandırma sistemi quraşdırılıb.
“Bakı Metropoliteni” QSC-nin daxili imkanları və müvafiq strukturları tərəfindən həyata keçirilən işlər zamanı daha qənaətcil və keyfiyyətli material və avadanlıqlardan istifadəyə üstünlük verilib.
N.Paşayevin sözlərinə görə, həyata keçirilən işlərin davamı olaraq “Xətai” stansiyasının I baş yolu istismara verildikdən sonra stansiyanın II baş yolunda və orta zalında rekonstruksiya işləri aparılacaq. Sağlamlaşdırma işlərinin tam şəkildə başa çatması üçün istismar müddəti başa çatmaqda olan 3 ədəd LT-2 tipli eskalatorlar alman istehsalı olan Viktoria tipli yeni eskalatorla əvəz ediləcək və stansiyanın yerüstü vestibülü də daxil olmaqla stansiyanın kompleks təmiri işləri həyata keçiriləcək.
1news.az