Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən Yunus Sosial Biznes mərkəzlərinin (YSBM) nümayəndələri ilə virtual konfrans keçirilib. Konfransda YSBM-in fəaliyyəti müzakirə olunub.
1news.az-a UNEC-dən verilən xəbərə görə, virtual konfrans ideyası bu ilin noyabrında Parisdə keçirilən Sosial Biznes Akademiya tədbiri çərçivəsində universitetin rektoru, professor Ədalət Muradovun da iştirak etdiyi, Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusla görüş zamanı irəli sürülüb.
Online konfransda 2017-ci ilin sentyabrında Malayziyada təşkil edilməsi planlaşdırılan “Asiya Pasific Sosial Biznes Forum” ilə bağlı müzakirələr aparılıb.
UNEC-in beynəlxalq əlaqələr departamentinin rəhbəri Anar Kazımov bu ilin iyununda regionda ilk dəfə UNEC-də fəaliyyətə başlayan Yunus Sosial Biznes Mərkəzinin əhəmiyyətindən danışıb. Bildirilib ki, UNEC-də sosial biznes anlayışının təşviqi üçün lazımi tədbirlər görüləcək.
Yaponiya Yunus Mərkəzinin təmsilçisi Aşir Əhməd gələn il fevralın 21-22-də Tokioda keçiriləcək digər bir forum barədə məlumat verərək bütün iştirakçıları həmin tədbirə dəvət edib.
Tailandda fəaliyyət göstərən Yunus Mərkəzinin təmsilçisi Faiz Şah mərkəzlərin üç əsas istiqaməti – maarifləndirmə, tədris və fəaliyyət haqqında məlumat verib.
Malayziya Sosial Biznes Mərkəzinin nümayəndəsi Əhməd Rafuddin mərkəzin gördüyü işlər və təşkil etdikləri sahibkarlıq kurslarından söz açıb.
Virtual konfransda Yunus Sosial Biznes mərkəzlərinin fəaliyyətlərinin daha səmərəli aparılması məqsədilə vahid platformanın işlənməsinə qərar verilib. Eyni zamanda, bu istiqamətdə tədris planlarının hazırlanması, qadınların sosial biznes sahibkarlığına cəlb edilməsi, MBA səviyyəsində sahibkarlıq kurslarının təşkili kimi mövzular da müzakirə olunub.
Virtual konfransda UNEC-in nümayəndələri ilə yanaşı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri və HUMAN Fondunun təsisçisi Fəridə Əsgərzadə iştirak ediblər.
1news.az