Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.
1news.az-ın məlumatına görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və mövcud qanunvericilik dövlət-din münasibətlərini yüksək səviyyədə nizamlayır. Azərbaycanda müxtəlif din mənsublarının birgəyaşayışının nümunəvi xarakter daşıdığını vurğulayan Komitə sədrinin birinci müavini ölkəmizin dözümlülük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyi olduğunu diqqətə çatdırıb.
Yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə tövsiyələrini verən Səyyad Salahlı onların yerlərdə müvafiq dövlət qurumlarının nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq və fəaliyyətinin zəruriliyini vurğulayıb.
Eyni zamanda, Komitə sədrinin birinci müavini dini icma sədrlərinə dini maarifləndirmə tədbirlərində, qeyri-ənənəvi dinlərə qarşı mübarizədə daha fəal iştirak etmələrini tövsiyə edib.
Dini icma sədrləri çıxış edərək dindarlar üçün yaradılmış hüquqi-mənəvi şəraitə, mövcud ictimai-siyasi sabitliyə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə səmimi minnətdarlıq hisslərini ifadə ediblər.
Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.
1news.az