Səbailli gənclərin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Müasir Azərbaycan gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib.
1news.az-ın məlumatına görə, rayonun bütün sahələrində çalışan gənclərin təmsilçilərinin iştirakı ilə keçirilən tədbiri açıq elan edən Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov qeyd edib ki, son illərdə ölkəmizdə əldə olunan uğur və nailiyyətlərin əsası məhz ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulmuş və bu gün onu ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir.
Dünyada həqiqi lider kimi tanınan Azərbaycan rəhbəri dövlətçilik maraqlarımızın qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş etdirir.
Məhz buna görə də rayon gənclərinin fəallarının, müxtəlif təşkilatlarda çalışan və ali məktəblərdə təhsil alan gənclərin nümayəndələrinin təşəbbüsü ilə “Müasir Azərbaycan – gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilməsinə qərar verilib, bununla bağlı yaradılmış Təşkilat komitəsinə rayon gəncləri tərəfindən Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif sahələrini əhatə edən 45 monoqrafiya təqdim olunub və tədbirdə bu məqalələr maraqla dinlənılib, müəlliflər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin müasir Azərbaycan tarixindəki rolu öz əhəmiyyəti ilə heç nə ilə müqayisə oluna bilməz. Ona görə bu iki dahi insanın siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi Prezident artıq ölkə tarixində “Qurucu İlham” kimi təsdiq olunub. Bu gün Prezident İlham Əliyevin siyasi xətti hazırki mürəkkəb dövrdə yeganə və alternativsiz siyasətdir və Azərbaycanımızın gələcək inkişaf və tərəqqisinə təminat verir.
Dəyirmi masanın işində iştirak edən YAP Səbail Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və başqaları möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarına və gələcək perspektivlərinə həsr olunmuş məqalələrin əhəmiyyəti, onun gələcək nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan danışıblar.
Dəyirmi masanın sonunda təşkilat komitəsi tərəfindən seçilmiş monoqrafiyaların bir daha işlənilərək kitab şəklində çap olunması qərara alınıb və Səbail gəncləri adından Azərbaycan gənclərinə bəyanat qəbul olunub.
1news.az