Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişin sıxlığı günbəgün artır.
1news.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, noyabrın 19-dan Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləndən sonra sərnişin sıxlığı artan istiqamətdə davam edir.
Aparılan araşdırmalar göstərir ki, əgər əvvəllər gün ərzində 2500-3000 sərnişin daşınırdısa, noyabr ayının 19-dan etibarən gün ərzində daşınan sərnişinlərin sayı 5000-ni keçib.
Qeyd edək ki, hər iki stansiyada yüksək səviyyədə yenidənqurma işləri aparılıb. Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 oturacaq, 12 turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 turniket, 4 oturacaq quraşdırılıb.
Xırdalan stansiyasında isə 450 metr uzunluğunda platforma, 2 turniket, 10 ikitərəfli oturacaq tikilib istifadəyə verilib.
1news.az