Dekabrın 21-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2016-cı tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.
1news.az-ın məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollegiya iclasında hesabat dövründə aparılan fəaliyyətlər, ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib, perspektiv məsələlər müzakirə edilib.
İclasda geniş məruzə ilə çıxış edən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən aprel döyüşlərində əldə edilən uğurların dövlətimizin, ordumuzun qüdrətinin, xalqın həmrəyliyinin, vətənpərvərliyinin nəticəsi olduğunu vurğulayıb və bunun nəticəsi olaraq son illər əldə edilən nailiyyətlərdən danışıb.
Nazir hesabat dövründə görülən tədbirlərin təhlilini apararaq xidməti döyüş fəaliyyəti, davam edən islahatlar, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2017-ci tədris ilində Silahlı Qüvvələr qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi məqsədilə komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyub.
Sonra kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.
Müdafiə nazirinin əmrinə əsasən, 2016-cı tədris ilində döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçular müxtəlif medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
1news.az