“Bakı Nəqliyyat Agentliyi olaraq ictimai nəqliyyatda bütün problemləri bilirik və bunu da bilirik ki, sürücülərlə bağlı böyük problemlər var”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.
V.Kərimlinin sözlərinə görə, ictimai nəqliyyatda sürücülərlə bağlı ciddi işlər görüləcək, vahid sürücü məlumat bazası yaradılacaq.
“Bu bazada sürücülərlə bağlı məlumatlar yerləşdiriləcək. Artıq sahibkar özü sürücü seçə bilməyəcək. Avtobus sürücülərinə dövlət nəzarəti olacaq. Əgər hər hansı sürücü qanuna zidd hərəkətlər edərsə, digər daşıyıcılarda çalışa bilməyəcək. Bununla bağlı, müvafiq işlər görüləcək”, - deyə V.Kərimli vurğulayıb.
Baş direktorun sözlərinə görə, daşıyıcılarla bağlı da tədbirlər görüləcək. V.Kərimli əlavə edib ki, ilk növbədə təmir imkanları olmayan avtobus şirkətlərinin çalışmasına icazə verilməyəcək.
1news.az