Bu gün “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimat mərasimi keçirilib.
1news.az xəbər verir ki, sənədli film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
Filmi ingilis dilində ABŞ-dan Dean Wendt, Azərbaycan dilində Eldəniz Rəsulov, rus dilində Rusiyadan Konstantin Qayçuk səsləndirib.
Mədəniyyət mərkəzi – İrəvan
“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filmi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması və bu həqiqətin ermənilər tərəfindən uzun illərdir ki, gizlədilməyə çalışması haqqındadır.
Film İrəvan şəhərinin salınmasından, şəhərdə türk – müsəlman hakimiyyətindən, İrəvan qalasından, məscidlərdən, meydanlardan, karvansaraylardan, ticarət köşklərindən, hamamlardan, bağlardan, İrəvanın çar Rusiyası tərəfindən işğalından və demoqrafik vəziyyətdən, İrəvanda azərbaycanlıların mədəni irsinin məhv edilməsindən, azərbaycanlıların oradan köçürülməsindən, müasir və ən nahəyət İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlardan və təsvirlərdən bəhs edir.
“Xalqımız ermənilərin bu vəhşiliklərini heç vaxt unutmayacaq”.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında qeyd edib ki, Ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə qeyri-maddi, mədəni, tarixi abidələr məhv edilir. Nazirin sözlərinə görə, bu vəhşiliklər əvvəlcə İrəvanda, sonra Zəngəzurda, Vedibasarda, Göyçədə və s. yerlərdə təkrarlanıb. Ən böyük zərbə İrəvan şəhərinə vurulub. İrəvanda minlərlə tarixi abidələrimiz məhv edilib:
“Xalqımız ermənilərin bu vəhşiliklərini heç vaxt unutmayacaq. Prezidentimiz İlham Əliyev İrəvanla bağlı fikirində bildirib ki, “Nəinki Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizimdir, bizim tarixi torpaqlarımızdır. Və biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq”.
A.Rəhimov Azərbaycan gənclərinə də çağırış edib:
“Mən də hər bir Azərbaycan gəncini bu istəyin gerçəkləşməsi naminə mübariz olmağa, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi və bu filmin və Mərkəzin digər məhsullarının sosial şəbəkələrdə, beynəlxalq aləmdə geniş təbliğ edilməsinə çağırıram”.
Daha sonra çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, bu, mühüm layihə olsa da, yetərli deyil:
“Burada böyük zəhmətlə bərpa olunan qədim İrəvan tarixinin, o cümlədən məscidlərin, abidələrin daha təkmil təsvirini verməliyik, onların daha aydın açıqcaları olmalıdır, onlarla bağlı buktletlər hazırlanmalıdır, turistlər arasında yayılmalıdır ki, qoy ermənilərin Azərbaycan tarixini necə məhv etdiyini bilsinlər. Xaricə gedən diplomatlarımız, xaricdə yaşayan soydaşlarımız, gənclərimiz bu filmin dünyada yayılmasında iştirak etməlidir”.
“Ermənilərlə qonşuluq bizə yalnız problemlər yaradıb”.
Ə.Həsənovun sözlərinə görə, bu gün böyük geosiyasi dairələr yeni müstəqillik qazanmış ölkələrin dünyada təbliğinə bilərəkdən çətinliklər yaradırlar ki, bu ölkələrin tarixi saxtalaşdırılsın:
“Ümummilli lider Heydər Əliyev son 200 ildə Azərbaycan xalqına qarşı törədilən qırğınlar haqqında danışarkən deyirdi ki, ermənilərlə qonşuluq Azərbaycan qarşısında daima bir geosiyasi vəzifə qoyur ki, biz bunu unutmamalıyıq. Adətən qonşu ölkələr bir-birinin inkişafına töhfə verir, ancaq ermənilərlə qonşuluq bizə yalnız problemlər, mədəniyyətimizin dağıdılma təhlükəsi, təhlükəsizliyimizə təhdid yaradıb, eləcə də xalqımıza qarşı soyqırım törədilib. Bizim geosiyasi vəzifəmiz isə ermənilərdən tariximizi, mədəniyyətimizi, fiziki varlığımızı, gələcək inkişafımızı qorumaqdır”.
Qarabağ, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar iki alternativ mənbədən dünyaya yayılır. Bunlardan biri ermənilər tərəfindən yayılan saxta, uydurma, informasiyalar, digəri isə bizim tərəfimizdən dünyaya çatdırılan həqiqi məlumatlardır:
“Biz ermənilərdən 100 dəfə artıq fəaliyyət göstərməliyik”.
“Biz bu həqiqətləri erməni təşəbbüskeşlərinə, xristian dövlətlərinə saatlarla, günlərlə, aylarla sübut etməyə çalışırıq. Lakin onlar müsəlman-xristian ayrı-seçkiliyi fonunda bu həqiqətlərə inanmırlar. Biz ermənilərin "vikipediya", "google" və digər virtual transmilli məlumatlarının 100 dəfə artığını yerləşdirməliyik, onlardan 100 dəfə artıq fəaliyyət göstərməliyik”.
Qərbin tolerantlığı şəhərləri bombalamaqdır.
Ə.Həsənov deyib ki, bu gün dünyada qədim müsəlman şəhərlərinə və tarixi abidələrinə biganə münasibət müşahidə olunur:
“Bu çox təəssüfedicidir. Dünyadakı bir çox qədim müsəlman-türk şəhərləri və tarixi abidələri dağıdılıb. Bütün müsəlman şərqinin tarixi abidələri və qədim şəhərləri, o cümlədən Suriya ərazisində yerləşən Palmira şəhəri bombalarla dağıdılıb”.
Prezidentin köməkçisi sözlərinə əlavə edib ki, Cənab Prezident İlham Əliyev dəfələrlə Azərbaycandakı multikulturalizmi ilə Qərbdəki multikulturalizmi müqayisə edib:
“Bizim fərqimiz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqlara, müxtəlif dinlərin mənsublarına özümüz qədər hörmət edirik, sevgi ilə yanaşırıq. Ancaq Qərbin ən yaxşı cəhəti o idi ki, başqa dildən, dindən olanlara bir müddət dözümlülük göstərdilər. İndi daha ona da dözmürlər. Bu gün hər kəs bilir ki, Qərb ölkələri miqrantlara, qaçqınlara hansı münasibəti göstərir, onları didərgin salır, sərhədlərdə güllələyirlər. Sonra da dünyaya Qərb sivilizasiyasının tolerantlığını təqdim edirlər. Onların tolerantlığı məhz budur. Bu gün dünyada formalaşan islamofobiya xəstəliyinin qurbanlarından biri də biz azərbaycanlılarıq. Azərbaycanın böyüklüyü şəhərlərinin sayının çoxluğunda, ərazisinin geniş olmasında, ya da neft və qazında deyil. Bizim böyüklüyümüz milli iradəmizdədir. Bu iradəni qorumalıyıq”.
“İrəvanda yaşı 200-dən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb”
Tədbirdə çıxış edən Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, İrəvanda bu gün bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, yer üzündən silinib. Direktorun sözlərinə görə, filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk–müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları təsvir edilir:
“İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyət, İrəvanda azərbaycanlıların mədəni irsinin məhv edilməsi, İrəvandan azərbaycanlıların köçürülməsi, müasir İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlar və təsvirlərlə izləyicilərin diqqətinə çatdırılıb. Azərbaycanda İrəvan haqqında ilk dəfədir ki, daha əhatəli və 3 dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orijinallığı da onun dünyaya yayılmasını asanlaşdırır”.
İnformasiya müharibəsində yeni mərhələ
Filmin ideya müəllifi və layihə rəhbəri olan Nurəddin Mehdiyev, Milli Məclisin Gənclər və idman Komitəsinin sədri Fuad Muradov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və ssenari müəllifi Nazim Mustafa da çıxış edərək filmin hazırda Azərbaycan və Ermənistan arasında davam edən informasiya müharibəsində istifadəsi üçün böyük önəm daşıdığını bildiriblər.
Çıxışçılar bu filmlərin xarici səfərlər zamanı təqdimatlarda, sərgilərdə nümayiş edilməsinin, ölkəmizə gələn turistlər arasında təbliğ edilməsinin və virtual şəbəkələrdə daha geniş auditoriyaya çatdırılmasının ermənilrin yalanlarını ifşa etməsində faydalı olacağını söyləyiblər.
Onlar informasiya müharibəsində artıq Azərbaycanın müdafiə olunan tərəf deyil, hücum edən tərəf olmasının vacibliyini də vurğulayıblar.
“Virtual Qarabağ” həqiqətləri dünyaya çatdırır
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılıb.
Mərkəzin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat verməkdir. Mərkəz bu günə qədər Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış edib.
Bu məlumatlar təkcə Azərbaycanın gəncləri üçün deyil, eləcə də digər ölkələrin nümayəndələri, tədqiqatçıları üçün məna kəsb edir. 2013-cü ildən başlayaraq Mərkəz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir sıra layihələr həyata keçirib. Bu layihələr gənclərə Ermənistanın işğalı nəticəsində Azərbaycan topraqlarında baş vermiş faciələr və onların fəsadlarını göstərir. Həmçinin erməni yalanlarına qarşı mübarizədə əsas köməkçi vasitə olur.
Fərid Ədalət