Bu gün “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimat mərasimi keçirilib.
1news.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin ictimai- siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, nazir müavinləri, komitə rəhbərləri və digər rəsmi nümayəndələr iştirak ediblər.
Tədbirdə qeyd edilib ki, bu sənədli film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
“İrəvan- gizlədilmiş həqiqətlər” sənədli filmi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması və bu həqiqətin ermənilər tərəfindən uzun illərdir ki, gizlədilməyə çalışması haqqındadır.
Film İrəvan şəhərinin salınmasından, şəhərdə türk – müsəlman hakimiyyətindən, İrəvan qalasından, məscidlərdən, meydanlardan, karvansaraylardan, ticarət köşklərindən, hamamlardan, bağlardan, İrəvanın çar Rusiyası tərəfindən işğalından və demoqrafik vəziyyətdən, İrəvanda azərbaycanlıların mədəni irsinin məhv edilməsindən, azərbaycanlıların oradan köçürülməsindən, müasir və ən nahəyət İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlardan və təsvirlərdən bəhs edir.
Fərid Ədalət